Xəbər verdiyimiz kimi, Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) Vurğun Əyyubun deputatlığa namizədliyi haqda Suraxanı rayon təşkilatının qərarını qüvvədən salıb. MNTK Suraxanı rayon təşkilatına yenidən Şura iclası çağırmasını tövsiyə edib. Növbəti iclasda təşkilat öz namizədlərini yenidən müəyyənləşdirməli olacaq.
Qeyd edək ki, deputatlığa namizəd olmaq üçün hansısa qurumun şəxsin namizədliyini irəli sürməsi yetərli deyil. Müsavat Məclisinin son iclasında təlimat qəbul edilib. Təlimata əsasən, Müsavat Partiyasından deputatlığa namizəd olmaq istəyən şəxslər başqana ərizə yazaraq partiya Nizamnaməsinə tabe olacaqları və fəaliyyətlərini rəhbər strukturlarla razılaşdıracaqları haqda öhdəlik götürməlidirlər.
Yəni Müsavat Məclisinin yeni təlimatına görə, V.Əyyub özü başqana ərizə yazmalı və öhdəlik götürməlidir. O isə belə bir öhdəliyi götürməyəcəyini açıqlayıb. Öhdəlik götürəcəyi halda belə ən son qərarı Məclis verəcək.
“Sifarişlə formalaşmış MNTK-ya müraciət edib Vurğun Əyyubla qərarı ləğv etdirdilər”
Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli qəzetimizə MNTK-nın rəhbərlik etdiyi təşkilatın qərarının ləğvinə münasibət bildirdi: “Partiyanın Nizamnamə tələblərini yerinə yetirməyə nəzarət edən bir qurum 3 nəfər Şura üzvünün əsassız müraciəti əsasında guya həmin şəxslərin hüquqlarını qorumaq adı altında martın 27-də keçirilən Şura iclasında iştirak edən 12 nəfərin hüquqlarını pozaraq Şurada onların verdikləri qərarı ləğv edib. Təbii ki, 3 nəfər həmin iclasda iştirak etsəydi də, Şuranın verdiyi qərara təsir etmək imkanları yox idi. Sadəcə olaraq, Şura verdiyi qərarda Vurğun Əyyubun deputatlığa namizədliyini irəli sürmüşdü, partiya rəhbərliyini bu qərar qane etmədiyi üçün inzibati resursları işə saldılar. Sifarişlə formalaşmış MNTK-ya müraciət edib bu qərarı ləğv etdirdilər. Amma bizim üçün dəyişən heç bir şey yoxdur. Biz MNTK-nın verdiyi qərara görə deyil, sıradan bir Şura iclası keçirəcəyik. Əgər Şura üzvləri lazım bilsələr, bu məsələni yenidən gündəliyə daxil edəcəyik”.
“İstəsələr də, istəməsələr də təlimata tabe olmalıdırlar”
Məclis sədri Nüşabə Sadıqlıdan isə təlimatın Nizamnaməyə zidd olduğu barədə ADR-çilərin fikirlərinə münasibət öyrəndik. Onun sözlərinə görə, təlimat heç də Müsavat Nizamnaməsinə zidd deyil: “Ziddiyyət haradadır, anlamıram, qoy göstərsinlər. Nizamnamə təlimatlarla zənginləşir. Məclisin son iclasında keçirilən təlimat da qanuni, səsvermə ilə qəbul olunmuş təlimatdır. Təbiidir ki, təlimatlar da çoxluğun iradəsi ilə qəbul olunur. Ona görə də azlıq istəsə də, istəməsə də buna tabe olmalıdır. Bütün qanunlar müxtəlif təlimatlarla idarə olunur. Zaman-zaman Müsavat adı ilə parlamentdə oturub müxtəlif partiyalara xidmət edən insanlar oldu. Bu təlimat da ondan ötrüdür ki, parlamentdə iştirak edən insanlar məhz Müsavatın mənafeyini qorumalıdır. Milli Məclisdə Müsavatın mənafeyini qoruyacaq insanlar barədə məhz Məclis qərar verəcək. Müsavat Partiyası demokratik partiyadır və qanunlarla idarə olunur. Qanunlara da tabe olmaq hər kəsin borcudur”.
“Vurğun Əyyubun istəyi başdan-ayağa məntiqsizdir”
Onun fikrincə, təlimatı qəbul etməyən və yaxud onu indidən qorxu və vahimə ilə qarşılayan insanlar günahı özlərində görsünlər: “Görünür, onlar öz siyasi hərəkətlərində yanlışlıq buraxıblar ki, Məclisin onlara səs verməyəcəyindən qorxurlar. Bütün normal müsavatçılara Məclis səs verəcək. Vurğun Əyyub Müsavat rəhbərliyini, Məclisini legitim saymadığını deyir. Müsavatın qurumlarını legitim saymayan bir insan necə öz namizədliyini Müsavat adından verə bilər? Axı bu, başdan-ayağa məntiqsizlikdir”.
NƏRGİZ