Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov Əfqanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalilini onun xahişi ilə qəbul edib.
Nazirlər Kabinetindən Teleqraf.com-a daxil olan məlumata görə, qəbula görə Əli Əhmədova təşəkkürünu bildirən səfir respublikamızın regionda sülhün və əmin-amanlığın bərqərar olması baxımından təhlükəsizlik məsələlərinə verdiyi töhfələri yüksək qiymətləndirərək, öz ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, humanitar sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Dövlətlərarası münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli faydalı əməkdaşlığın inkişaf etdirilməsinin, habelə beynəlxalq sülhün və regional sabitliyin qorunması naminə ümumi səylərin bundan sonra da davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Səmimilik şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi olub.
Nərgiz