20 Aprel 2015 15:11
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin (MM) İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin aprelin 20-də keçirilən birgə iclasında “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi keçirilib.

MM-in İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova adıçəkilən sənədin reallıqdan doğduğunu və gerçəkliyi əks etdirdiyini bildirərək, qanun layihəsinin mart ayının 6-da parlamentin plenar iclasının birinci oxunuşundan keçdiyini və ötən müddət ərzində müvafiq İşçi Qrupu tərəfindən ona 20-yə yaxın dəyişiklik və əlavələr edildiyini dilə gətirib. Bildirib ki, sənəd dövlət-vətəndaş, məmur-vətəndaş münasibətlərinin tənzimlənməsini nəzərdə tutur: “Hər birimizin də arzu, istəyi budur ki, xüsusilə, məmur-vətəndaş münasibətləri sivil qaydada tənzimlənsin. Artıq dövr, zaman tələb edir ki, məmur-vətəndaş münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi üçün yeni qanun qəbul edilsin. Odur ki, bu zərurətdən irəli gələrək belə bir sənəd ortaya qoyulub”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də vətəndaşlarının müraciətlərinin onların konstitusion hüququ olduğunu deyərək, belə bir qanunun qəbuluna ciddi ehtiyac duyulduğunu bildirib: “Vətəndaşların müraciətləri, onlara baxılması indiyə kimi olub və bundan sonra da olacaq. Eyni zamanda əlamətdar haldır ki, bu istqiqamətdə son illər uğurlu addımlar atılmaqdadır.

Vətəndaşların elektron müraciət formasından istifadə etməsi, "ASAN" Xidmət-in yaranmasıbuna əyani sübutdur”.

Ombudsman Elmira Süleymanova öz növbəsində vətəndaşların müraciətləri ilə bağlı yeni qanunvericiliyin ortaya qoyulmasını müsbət dəyərləndirib: “Vətəndaşlatın qəbulu, onların müraciətlərinə baxılması məsələsi bizim işimizin başlıca istiqamətidir. Odur ki, bu yöndə yeni qanun layihəsinin hazırlanmasını və müzakirələrə çıxarılmasını çox yüksək dəyərləndiririk. Doğrudan da, belə bir qanuna ciddi ehtiyac var”.

Paramentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov isə daha çox qanun layihəsi ilə bağlı irad və təkliflərini səsləndirib.

R. Cəbrayılov ilk öncə qanun layihəsinin adına etiraz edib və onu qüsurlu adlandırıb: “Hesab edirəm ki, qanun layihəsin adı qüsurludur. Ola bilər ki, bu məsələ Konstitusiyanın 57-ci maddəsindən qaynaqlanır, amma hesab edirəm ki, elə həmin müddəanın özü də kifayət qədər qüsurludur və əgər gələcəkdə referendum yolu ilə Konstitusiyaya növbəti dəyişikliklər olarsa, həmin müddəa da mütləq dəyişdirilməlidir. Bu baxımdan hesab edirəm ki, qanun layhəsin adı dəyişdirilməli və sadəcə, “Müraciətlərə baxılması haqqında” adlandırılmalıdır”

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasının ikinci oxunuşuna tövsiyə olunub.

Nemət


Müəllif:

Oxşar xəbərlər