20 Aprel 2015 16:09
2 913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan qondarma soyqırımı iddiaları ilə beynəlxalq aləmin diqqətini cəlb etməkdədir. Roma papasının məlum açıqlamasından sonra Avropa Parlamentinin qəbul etdiyi qərar türk dünyasını məyus edib. Aprelin 24-də İrəvanda keçiriləcək 100 illik tədbirə qatılanlar arasında Fransa və Rusiya prezidentlərinin, digər tanınmış siyasilərin, dövlət rəsmilərinin olacağına dair xəbərlər bu məyusluğu daha da artırıb. Bu arada Türkiyə hökuməti tənqid atəşinə tuş gəlib. Əsas qınaq qondarma soyqırımı iddiasının təbliğinə qarşı önləyici addımların atılmaması ilə bağlıdır. Politoloq Vəfa Quluzadə Teleqraf.com-a müsahibəsində bu və digər məsələlərə aydınlıq gətirdi.

- Vəfa müəllim, Türkiyə ermənilərin iddialarının bu qədər əks-səda doğurmasının qarşısını ala bilərdimi?
- Türkiyə qondarma erməni soyqırımı iddialarının həyata keçməməsi üçün nədən çabalar göstərməli idi? Ərdoğan hökuməti bu məsələyə vaxt və pul xərcləmək istəmədi. "İt hürər, karvan keçər" məsələsinə üstünlük verdilər. Türkiyənin narahatlığına, əl-ayağa düşməsinə ehtiyac yoxdur axı. Türklər yaxşı başa düşürlər ki, Avropada qəbul olunan qərarlar heç nəyi dəyişməyəcək. Nə Roma papasının açıqlaması, nə Avropa Parlamentinin qərarı Türkiyənin inkişasfına mane ola biləcək. Türkiyə başa düşür ki, Avropa Parlamentinin qərarı tamamilə qanunsuzdur, tarixi faktlara söykənmir. Bütün bu oyunlar Türkiyəyə təzyiq etmək üçündür. Ərdoğan yaxşı dedi ki, bu qulaqlarından alıb, o birindən buraxırlar. Fakt ondan ibarətdir ki, Türkiyə Ermənistana iddiaları araşdırmaq üçün müştərək komissiya yaradılmasını təklif etdi. Qərb bu təklifi dəstəklədi, amma Ermənistan qorxdu, təklifi qəbul etmədi. Soyqırımı məsələsi olmayıb, bu, Ermənistanın uydurmalarıdır. Bunu dünya yaxşı bilir. Birinci Dünya Müharibəsinin sonlarında Andranikin rəhbərlik etdiyi erməni qruplaşması Rusiyanın tərəfinə keçərək türkləri qırmağa başladı. Türkiyədə yaşayan ermənilər Osmanlı dövləti üçün təhlükə idi. İkinci Dünya Müharibəsində ABŞ kimi dövlət yaponları deportasiya etdi. Stalin Rusiya vətəndaşı olan almanları Sibirə sürgün elətdirdi. İndi Türkiyəni nə deportasiyada, nə də soyqırımında ittiham etmək olar. Ermənilər türk kəndlərini talan edib, insanları qırdı və cavablarını aldılar. İndi biz Türkiyəni qınaya bilmərik ki, nə üçün bu qərarların qəbuluna mane olmamısan? Onlar bu məsələyə əhəmiyyət vermirlər, düz də edirlər.

- Məsələnin arxasında xristian həmrəyliyi və Avropanın Osmanlı kompleksi olduğu iddia edilir. Bu versiyalar nə dərəcədə ağlabatandır?
- Bu versiyalar həqiqətə çox yaxındır. 19-cu əsrdə osmanlılar balkanları və Yaxın Şərqi nəzarətdə saxlayırdı. Osmanlı zopası avropalıların yadından hələ də çıxmır. Onlar xofludurlar. İndi Türkiyə azca güclənən kimi Avropada narahat olurlar. Qışqırırlar ki, haray, Ərdoğan Osmanlını bərpa etmək istəyir. Bu, yersiz xofdur. Türkiyə demokratiya yolunu tutub, bu yoldan onu heç kəs döndərə bilməz. Amma görünür, Avropa tarixi uğursuzluğunu unuda bilmir və yeri gələndə bu yolla qisas almaq istəyir.

- Bundan sonra Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkündürmü?
- Xeyr. Bu imkanlar artıq tükənib. Ermənistan Rusiyanın tərkibindən çıxmadan, müstəqil dövlət olmadan sərhədlər açıla bilməz. Rusiya imkan vermir ki, Ermənistan özünün siyasi iradəsi ilə hərəkət etsin. Kreml ermənilərlə əmr dilində danışır. Rusiya başa düşür ki, sərhədlər açılsa, Ermənistan tamamilə Türkiyənin təsiri altına düşəcək. İqtisadi cəhətdən Türkiyə Rusiyadan güclü dövlətdir, ona görə də ermənilər Rusiyadan üz çevirəcəklər.

- Aprelin 24-də Ermənistanda qondarma soyqırımla bağlı böyük tədbir keçiriləcək. Ayrı-ayrı ölkələrin prezidentləri, dövlət və mədəniyyət xadimləri, siyasətçilər həmin tədbirə qatılacaqlar. Sizcə, Türkiyə İrəvana gələcək şəxslərin təmsil etdiyi dövlətlərlə münasibətlərinə yenidən baxmalıdır?
- Qətiyyən, buna getmək olmaz. Qondarma soyqırımı iddiasına münasibətə görə hansısa dövlətlə münasibətləri pozmaq düzgün deyil. Türkiyə uydurma iddia ətrafında cərəyan edən prosesləri qulaqardına vurmalıdır. Heç bir ölkə dövlət səviyyəsində erməni soyqırımını tanımır. Rusiya və Fransa da dövlət səviyyəsində qondarma erməni soyqırımını qəbul etmir. Avropa Parlamentinin qəbul etdiyi qərarla Avropa dövlətləri qondarma erməni soyqırımı iddiasından canlarını qurtardı. Bundan sonra ermənilər hansısa Avropa ölkəsindən tələb edəndə ki, soyqırımını qəbul etsin, onlara Avropa Parlamentinin qərarı göstəriləcək. Bu məsələlər çoxmənalıdır. Putinlə, Ollandın Ermənistana səfər etməsindən Türkiyə heç nə itirmir. Türkiyə ağılla öz milli maraqlarını inkişaf etdirəcək.

Ruslan Xəlil


Müəllif:

Oxşar xəbərlər