“Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirir”.
Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, dövlət başçısı bu sahənin inkişafı ilə əlaqədar ardıcıl olaraq fərman və sərəncamlar imzalayır. Onun sözlərinə görə, prezident İlham Əliyevin Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncamı da məhz belə qərarlardan biridir.
“Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan Azərbaycan Aqrar Elm Mərkəzinin, onun regional bölmələrinin, habelə tabeliyindəki elmi tədqiqat institutlarının yenidən qurulması və müasir laboratoriya avadanlığı ilə təchiz olunması üçün 10 milyon manat vəsait ayrılıb. Təbii ki, bu sahələrin inkişafı bütövlükdə aqrar sahə üçün çox vacibdir. Hesab edirəm ki, son zamanlar verilən qərarlar kənd təsərrüfatında əhəmiyyətli nəticələrin əldə olunması üçün böyük təkan olacaq”, – deyə komitə sədri vurğulayıb.
Səxavət