Vüqar Qədirov: “Türkiyənin Avropa Birliyinə gedən yolunu bağlamaq istəyirlər”
Şamil Sabiroğlu: “Ermənistan rəhbərləri Xocalıda soyqırımı törətdiklərini etiraf ediblər”
Qondarma “erməni soyqırımı”nın yüz illiyi yaxınlaşdıqca, xristian təəssübkeşliyindən çıxış edən ölkələrin Türkiyə və Azərbaycana qarşı haqsız təzyiqləri də artır. Ermənilərin iddialarına, Qərbin isə təzyiqlərinə cavab olaraq ölkəmizdə və Türkiyədə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti daha da güclənib, sərsəm bəyanatlara cavab verilib.
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov da bildirib ki, əslində qondarma “erməni soyqırımı” Ermənistanın məsələsi deyil. Onun sözlərinə görə, bu, yüz il əvvəl Çanaqqalada Türkiyəyə uduzmuş ölkələrin problemidir: “Həmin dövlətlər və onlara tərəfdaş ölkələr bu məsələdən istifadə edərək Türkiyəyə təzyiq göstərməyə çalışırlar. Qondarma “soyqırımı” məsələsini ona görə gündəmə gətirdilər ki, Türkiyənin Avropa Birliyinə gedən yolunu bağlasınlar. Türkiyə Çanaqqala zəfərinin yüz illiyini qeyd edəcək və bu döyüşdə məğlub olan Avropa ölkələri qardaş ölkədən qisas almaq üçün ermənilərdən istifadə etməkdə maraqlıdırlar. Əsas hədəf də Türkiyəni zəiflətmək və bölgədə öz niyyətlərinin həyata keçirməkdir. Ermənistan nə “dənizdən dənizə dövlət yaratmaq” gücündədir, nə də Türkiyə kimi böyük bir dövlətə meydan oxumaq imkanındadır. Bir müddət əvvəl biz Xocalı soyqırımı ilə bağlı böyük bir konfrans keçirdik və tədbirdə iştirak edən Azərbaycan və Türkiyə qeyri-hökumət təşkilatlarının rəhbərləri tərəfindən Avropa Birliyinə, Avropa Parlamentinə, Roma Papasına və ayrı-ayrı ölkələrə bəyanatlar ünvanladıq. Xocalıda baş verənlərin soyqırımı aktı olması sübut edilib, lakin bizə qarşı olan ikili yanaşmalar, standartlar Xocalıya qarşı da edilir. Türkiyənin hökumət nümayəndələrinin “gəlin birlikdə arxivləri açaq” təklifinə Ermənistan birmənalı şəkildə rədd cavabı verib. Çünki ermənilər bilir ki, arxivlər açılarsa, orada erməni “soyqırımı”nın olmaması ilə bağlı faktlar ortaya çıxmış olacaq. Amma ermənilərin azərbaycanlılara qarşı Xocalıda, Xocavənddə, Qaradağlıda, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə törətdikləri soyqırımlar dünya ictimaiyyəti tərəfindən nəzərə alınsa, Ermənistan terrorçu bir ölkə kimi tanınar”.
V.Qədirovun sözlərinə görə, nə ATƏT-in Minsk qrupunda yer alan dövlətlər, nə də BMT qəbul etdiyi 4 qətnaməyə rəğmən Ermənistana heç bir təzyiq göstərmir: “Amma ermənilərə qondarma “soyqırımı” ilə bağlı dəstək olmaları onu deməyə əsas verir ki, bu dövlətlər beynəlxalq hüququn norma və prinsiplərini kənara qoyaraq, öz şəxsi maraqlarını, düşmənçilik niyyətlərini həyata keçirməklə Türkiyəni təzyiq altında saxlamağa, Azərbaycanın isə işğalla barışmağa razı salmağa çalışırlar. Ancaq çox gözəl bilirlər ki, Azərbaycan bu işğal faktı ilə barışmayacaq”.
Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu isə bildirib ki, Sovetlər Birliyi dağıldıqdan sonra hərbi təcavüzə məruz qalan Azərbaycanın ordusu yox idi. Onun sözlərinə görə, bundan istifadə edən ermənilər ölkəmizin 20 faiz torpağını işğal etdilər: “Bunun nəticəsində də Xocalı və digər soyqırımları baş vermiş oldu. Heç uzağa getməyək, Ermənistanın keçmiş prezidenti Koçaryan, indiki rəhbəri Serj Sərkisyan və bu ölkənin müdafiə naziri Seyran Ohanyan Xocalıda soyqırımı törətdiklərini etiraf ediblər. Onların əlləri günahsız insanların qanına bulaşıb. Bunu deməkdə məqsədim odur ki, bütün faktlar ortada ola-ola Qərb, Avropa niyə Xocalı soyqırımına hüquqi qiymət vermir?”
Ş.Sabiroğlu deyib ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir: “Lider ölkə olaraq, Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edəcək. Məhz belə mühüm tədbirlər bizə imkan verir ki, ikili standartlarla yanaşan ölkələrdən haqqımızı tələb edək. Əgər dünya bunu anlamırsa, onda biz Azərbaycan Ordusuna güvənməli, Qarabağın işğaldan azad olunması istiqamətində addımlar atmalıyıq”.
BƏXTİYAR