Bu gün “Qarabağ” Blokunun iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Blok üzvləri ilk növbədə Avropa Parlamentinin qondarma erməni “soyqırımı”nın tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirib və tarixi reallıqlara söykənməyən, antitürk, antimüsəlman övqatı özündə əks etdirən bu qətnaməni qətiyyətlə pisləyib. Blok üzvləri bu qərarın qardaş Türkiyəyə və Azərbaycana qarşı siyasi təzyiq vasitəsi olaraq qəbul edildiyini, Avropa Birliyinin öz əcdadlarından miras aldığı xristian təəssübkeşliyindən qaynaqlandığını, bir zamanlar Osmanlı Türkiyəsində “sadiq millət” adı qazanan erməniləri siyasi alətə çevirərək, onlara ağır müharibə şəraitində olan Türkiyədə köç faciəsi yaşatmasından dolayı kompensasiya məqsədindən irəli gəldiyini bildirib və bu məsuliyyətsiz addımı Çanaqqala döyüşündə məğlub olan Avropa dövlətlərinin revanşist hərəkəti kimi dəyərləndirib.
Blok üzvləri aprelin 20-də İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri H.Dehqaninin Azərbaycana səfərinin nəticələrini müzakirə edib və səfər zamanı iki ölkə arasında qarşılıqlı əməkdaşlığın vacib sahələrini əhatə edən danışıqlar zamanı regionda təhlükə mənbəyinə çevrilən ifrat dini cərəyanlara qarşı birgə mübarizə aparılması, hərbi əməkdaşlığın perspektivləri ilə bağlı əldə edilən razılaşmaları müsbət dəyərləndirib və bu razılaşmaların hər iki ölkə üçün faydalı olduğunu diqqətə çatdırıb.
Blok üzvləri prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Ə.Həsənovun Ukrayna və Azərbaycan arasında analogiya apararaq qərbə radikal inteqrasiyanın geopolitikada ciddi problemlər yaradacağı ilə bağlı fikrlərini bölüşüb.
Cavidan