22 Aprel 2015 19:14
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Razi Nurullayev: “Heç kimin AXCP-dən ayrılaraq bizim hərəkata gəlməsini arzu etmirəm”

“Hazırda Yeni Demokratiya Hərəkatında təşkilatlanma işləri həyata keçirilir. Bu işlər başa çatdıqdan sonra fəaliyyətə başlayacağıq”.

Bunu AXCP-dən ayrılaraq Yeni Demokratiya Hərəkatı yaratdığını elan edən Razi Nurullayev bəyan edib.
Onun sözlərinə görə, hərəkat ölkənin bütün ərazi-inzibati vahidini əhatə edəcək: “İndilikdə mərkəzi aparatı, təşkilatın əsas fəaliyyətini idarə edəcək Siyasi Şuranın qurulması istiqamətində iş aparırıq. Həmçinin hərəkatın veb səhifəsinin hazırlanması, sosial şəbəkədə qrupun təşkili üzərində çalışılır. Eləcə də, hərəkatın əsasnaməsinin yaradılması məqsədilə də iş görürük. Bunu həyata keçirəndən sonra isə hərəkatın hansı formada və səviyyədə fəaliyyət göstərməsinə dair qərarımız olacaq. Əlbəttə, təşkilatlanma işlərini tam baş çatdırdıqdan sonra hərəkatın təsis qurultayını keçirəcəyik”.

Razi Nurullayev daha sonra bəyan edib ki, artıq Azərbaycan Xalq Cəbhəsi Partiyası, onun fəaliyyəti, partiyadaxili məsələlər onu maraqlandırmır. Onun sözlərinə görə, bu partiya haqqında danışmaq da istəmir: “Biz fəaliyyət göstərəcəyimiz hərəkatı yaradırıq. Mən heç kimin AXCP-dən ayrılaraq bizim hərəkata gəlməsini də arzu etmirəm. Yəni işimizi “keçmiş partiyamızdan kimsə çıxaraq bizə qoşulacaq” prinsipi üzərində qurmuruq. Mən bəyan etmişəm ki, AXCP-dən heç kəsi hərəkata dəvət etmək niyyətində deyiləm. Əgər kimsə partiyadan ayrılıb hərəkata qoşulmaq niyyətində olacaqsa, mən bunun əleyhinə olacağam. Ancaq qeyd edim ki, bizim hərəkatın qərarverici qurumu Siyasi Şura olacaq. Yəni hər şey Siyasi Şuranın iradəsindən asılı olacaq. AXCP-də baş verənlərə, xüsusilə gənclərin bu partiyadan çıxarılmasına münasibətimizi ifadə etmişik. Yenidən bu partiyada baş verənlər haqqında danışmaq istəmirəm. Düzdür, deyilənə görə, AXCP üzvlərindən kimsə sosial şəbəkədə barəmdə müəyyən fikirlər işlədib. Ancaq şəxsən mənim özümün bundan xəbərim yoxdur. AXCP-də baş verən hərəkətlərin normal olmadığını ifadə etmişəm və hazırda onlar mənim marağımı cəlb etmir. Açığını deyim ki, mən AXCP-dən istefa verdikdən sonra barəmdə ciddi qara piar aparıldı. Lakin indilikdə bu kampaniya səngiyib və ümid edirəm ki, bir daha baş verməyəcək”.

Yeni Demokratiya Hərəkatının təsisçisi söyləyib ki, təşkilatlanma işləri başa çatdıqdan sonra müəyyən qurumlarla əməkdaşlıq da edə bilərlər. Onun sözlərinə görə, AXCP ilə əməkdaşlıq etmək bu gün üçün ciddi mövzu deyil: “Ancaq hər şeyi zaman yoluna qoyur. Mən bu məsələdə təkbaşına qərar verə bilmərəm. Yeni Demokratiya Hərəkatının qərarlarını Siyasi Şura verəcək. Mən hərəkatda sadəcə olaraq təsisçilərdən biri, təşəbbüs qrupunun rəhbəriyəm. Bu baxımdan kimlə müttəfiqlik edib-etməyəcəyimiz haqda danışmağa hüquqi əsasım yoxdur”.

Bununla belə Nurullayev əlavə edib ki, ənənəvi müxalifətlə əməkdaşlıq etməyə sıcaq baxmır. Onun sözlərinə görə, bu mövzuya baxışları daha çox Respublikaçı Alternativ Hərəkatının baxışları ilə üst-üstə düşür: “Bizim də baxışlarımız analoji olacaq. Təbii ki, müəyyən məsələlərlə bağlı əməkdaşlıq etmək olar, amma onlar indiyə qədər müəyyən yol gediblər, nəticə də ortadadır. Biz bu yolu onlarla birgə getmək və bu yolda iz qoymaq niyyətindən uzağıq”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər