Sabah dünyanın diqqəti Türkiyə və Ermənistanda olacaq. Hər iki ölkədə 1915-ci il hadisələri qeyd ediləcək. Türkiyə 24 aprelin Çanakkala zəfəri, ermənilər isə qondarma soyqırımı günü kimi tarixə düşməsini istəyir.
Dünya dövlətləri, xüsusilə də, xristian ölkələri seçim qarşısında qalıblar. Həm Türkiyə, həm də Ermənistanla münasibətlərini pozmaq istəməyən dövlətlər hər iki tədbirə qatılmaq qərarını veriblər. Amma aydın müşahidə edilir ki, ölkələrin əksəriyyəti Ermənistana meyllidirlər.
Məsələn, Rusiya prezidenti Vladimir Putin uydurma “erməni soyqırımı”nın 100-cü ildönümünə həsr olunan tədbirlərdə iştirak etmək üçün sabah Ermənistana gedəcək. Səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti əsasında həyata keçiriləcək. Amma Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunan təntənəli tədbirdə Rusiyanı Dövlət Dumasının sədri Sergey Narışkin təmsil edəcək. Bu, Rusiyanın hansı ölkə ilə münasibətlərə üstünlük verdiyini açıq göstərir.
Putin nə üçün güclü Türkiyəni deyil, zəif Ermənistanı seçdi?
Ekspertlər hesab edir ki, Rusiya Ermənistanı özünün bir əyaləti kimi görür və onu incitməmək, əldən buraxmamaq üçün Putinin İrəvana getməsini başa düşmək olar. Son vaxtlar Ermənistanda Rusiya əleyhinə keçirilən aksiyalar, anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsi, Avropaya inteqrasiya çağırışlarının artması bu səfəri şərtləndirir. Putinin səfərdən imtinası Ermənistanda yuxarıda qeyd olunan cəhdləri daha da gücləndirəcəkdi. Ən əsası, Avrasiya İttifaqından çıxmaq üçün Ermənistanın əlinə fürsət düşə bilərdi.
Putinin İrəvanı seçməsinin digər səbəbləri də, Kremlin Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasında, sərhədlərin açılmasında, ikincinin iqtisadi və siyasi cəhətdən müstəqilliyində maraqlı olmaması, ən əsası Dağlıq Qarabağ münaqişəsi vasitəsilə regionu nəzarətdə saxlaması ilə bağlıdır. Moskva yaxşı anlayır ki, 1915-ci il hadisələrində həm də Rusiyanın böyük rolu olub. Osmanlı ermənilərini silahlandıraraq dövlətə qarşı qaldıran ruslanın bu dəstəyini sübut edən arxiv sənədləri mövcuddur. Tarix boyu ermənilərdən bufer-güc kimi istifadə edən Rusiya 1915-ci ilə aid arxivin açılmasında maraqlı deyil. O, üzdən Putin İrəvana səfər etməzdən öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi yaradaraq "üzrxahlıq" edib.
Rəsmi məlumata görə, telefon danışığında Putinin "erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar İrəvana planlaşdırılan səfəri müzakirə edilib. İki ölkə arasında münasibətlərə toxunan dövlət başçıları Çanaqqala zəfərinin yüz illiyi ilə bağlı planlaşdırılan tədbirlər barədə də fikir mübadiləsi aparıblar.
Türkiyəyə Dövlət Dumasının sədri Sergey Narışkinin göndərilməsi isə onu göstərir ki, Rusiya nə Ermənistanı itirmək istəyir, nə də Türkiyə ilə münasibətləri pozmaq niyyətindədir.
Bu arada həm Türkiyə, həm də Azərbaycanda birmənalı qarşılanmasa da, AKP hakimiyyətinin qondarma soyqırımı ilə bağlı siyasətindəki yumuşaqlıq, rasionallıq diqqət cəlb edir. Əhməd Davudoğlunun 100 il öncə ölən osmanlı ermənilərinin nəvələrinə başsağlığlı verməsini dünya hümanizm kimi qəbul etsə də belə, ermənilər çətin ki, bununla kifayətlənmiş olsun.
Azərbaycanın ermənilərə tarix boyu sərgilədiyi dəstək müqabilində qarşı tərəfdən üzləşdiyi xəyanətlər buna bir misaldır.
Ruslan Xəlil