21 May 2014 11:07
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlahət İbrahimqızı: “Harvardda ölkəmizin tutduğu mövqeyi yüksək qiymətləndirdilər”

“Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkənin sürətlə inkişaf etməsi, beynəlxalq müstəvidə nüfuzunun artması inkarolunmaz reallıqdır. Bölgəmizdə Azərbaycanın iştirakı və razılığı olmadan hər hansı layihə həyata keçirilə bilməz. Dünya qloballaşır və bu qloballaşma ölkələr arasında əməkdaşlıq münasibətlərinin daha da intensivləşməsi ilə müşayiət olunur. Prezidentin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz çox böyük uğurlar əldə edib. Yəni bu qloballaşma dövründə Prezidentimiz elə bir zərgər dəqiqliyi ilə siyasət həyata keçirir ki, milli və dövlət maraqlarımız yüksək səviyyədə təmin olunur”.

Bunu YAP Siyasi Şurasının üzvü, deputat Məlahət İbrahimqızı deyib. O, əlavə edib ki, Ukrayna məsələsi BMT-də səsverməyə çıxarılarkən, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədi:

“Ermənistan kimi forpost dövlətlər diqtə ilə hərəkət etməyə məcburdurlar. BMT-də Ukrayna ilə bağlı keçirilən səsvermə bunu bir daha təsdiqlədi. Təbii ki, Azərbaycanın müstəqil siyasət yürütməsi müəyyən dairələri narahat edir və bu səbəbdən də ölkəmiz üçün problemlər yaratmağa çalışırlar. Amma heç zaman öz məqsədlərinə nail ola bilmirlər. Mən bu yaxınlarda ABŞ-da, Harvard Universitetində oldum. Orada Universitetin əməkdaşları da Prezidentimizin həyata keçirdiyi siyasəti, o cümlədən ölkəmizin Ukrayna məsələsində tutduğu mövqeyi yüksək qiymətləndirdilər. Azərbaycan beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Təbii ki, Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə təsiredici rol oynayır. Son bir neçə ildə Azərbaycanın əldə etdiyi uğurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə çevirib”.

YAP-çı deputat bildirib ki, Azərbaycanın beynəlxalq müstəvidə yeri və rolu güclənməkdədir, ölkəmizin həyata keçirdiyi xarici siyasət prinsipial, qətiyyətli və xalqın mənafeyinə uyğundur:

“Bu gün Azərbaycanda dövlətimizin güclənməsinə xidmət edən və xalqımızın siyasi iradəsinə əsaslanan siyasət həyata keçirilir. Azərbaycan dünyanın diqqət mərkəzində olan geosiyasi məkanda yerləşir, böyük enerji ehtiyatlarına malikdir. Bu amillərə görə, ölkəmizin inkişafını istəməyən bir sıra xarici qüvvələr mövcuddur. Bununla belə, Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirməkdədir. Belə bir geosiyasi məkanda enerji siyasəti də çox dəqiqliklə həyata keçirilir və bu yöndə böyük nailiyyətlər əldə edilib. Bilirsiniz ki, bu gün dünya miqyasında baş verən münasibətlərin təməl prinsipində enerji siyasəti dayanır. Bu gün sanki dünyada beynəlxalq güclər arasında enerji ehtiyatlarının bölüşdürülməsi mübarizəsi gedir. Kim nə qədər enerji mənbələrinə sahib ola bilər və s. Bu çətinliklərə baxmayaraq, Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir. ”Əsrin müqaviləsi", Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri və tranzit daşımalarında əsas koridor olacaq Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi və digər layihələr Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırır. TANAP layihəsi XXI əsrin çox əhəmiyyətli layihəsi kimi qəbul olunur. Bu layihə yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır və bundan sonra da oynayacaq.

Nabukko layihəsinin reallaşması ilə bağlı neçə illərdir müzakirələr gedirdi, bu prosesdə hətta ölkəmizə qarşı təzyiq elementləri var idi. Amma Prezidentin iradəsi nəticəsində milli maraqldarımıza tam uyğun olan TAP və TANAP layihələrinə dair saziş imzalandı. Bu amil Azərbaycan və Türkiyənin beynəlxalq mövqelərini daha da gücləndirir".

CAVİDAN


Müəllif: