25 Aprel 2015 10:31
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qüdrət Həsənquliyev: “Hər iki dünya müharibəsini avropalılar başladıb”

Dünən Çanaqqala zəfərinin yüz illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan müxalifət partiyaları müxtəlif tədbirlər keçirib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) rəhbərliyinə daxil olan şəxslər və partiyanın fəalları Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad edilməsi zamanı həlak olan türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyan BAXCP yetkililəri istiqlal şəhidlərini hörmətlə anıblar. Ziyarətçilər qarşısında çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanın erməni hərbi birləşmələrindən azad edilməsində iştirak edən qəhrəman türk əsgərlərinin rəşadətinin heç zaman unudulmayacağını bildirib: “Bu gün dünyanın 20 ölkəsi ermənilərin qondarma ”soyqırımı"nı tanıyan qətnamə qəbul edib. Roma Papası I Fransiskin bəyanatı, bunun ardınca Avropa Parlamentinin ermənilərin yalanlarına haqq qazandıran qətnaməsi dünyada haqqın, ədalətin hansı səviyyədə müdafiəsinin göstəricisidir. Halbuki, yüz il bundan öncə I Dünya Müharibəsini başladan xristian dövlətləri və Avropa ölkələri olub. Eləcə də, II Dünya Müharibəsini də özləri başladıblar. Birinci Dünya Müharibəsində 10 milondan çox insan öldürülüb, 20 milyondan çox insan şikəst olub. II Dünya Müharibəsində isə 50 milyondan çox insan həlak olub. Xristianların başlatdığı müharibələrin nəticəsində ölkələr, şəhərlər xarabazarlığa çevrilib, xalqların tarix və mədəniyyət abidələri dağıdılıb".

Qüdrət Həsənquliyev vurğulayıb ki, BAXCP 2007-ci ildən bəri hər il bu abidənin önünə gəlir və türk əsgər, zabitlərini ehtiramla yad edir: “Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımının qarşısını alan, istiqlal mücadiləmizə dəstək verən qəhrəman türk əsgər və zabitlərinin xatirəsi hər zaman əziz tutulacaq, könüllərdə yaşayacaq. 1918-ci il hadisələri, erməni hərbi birləşmələri tərəfindən on minlərlə dinc müsəlman türkün və bu torpaqlarda yaşayan digər milli azlıqların təmsilçilərinin qətlə yetirilməsi, qəhrəman türk əsgər və zabitlərinin rəşadəti nəticəsində törədilən amansız cinayətlərin qarşısının alınması sübuta yetirir ki, türklər bütün dövrlərdə yalnız xilaskar missiyasını yerinə yetiriblər. Tarix və onun bu günə kimi qorunan təkzibolunmaz faktları ermənilərin Türkiyə və Azərbaycan türklərinə qarşı düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı siyasətidir. Türk əsgər və zabitləri isə öz soydaşları ilə yanaşı bu coğrafiyada yaşayan digər millətləri də erməni zülmündən xilas ediblər”.

BAXCP sədri qeyd edib ki, bu il həm də Çanaqqala zəfərinin yüz illiyidir: “Biz yüz il bundan əvvəl həmin döyüşlərdə dünyasını dəyişən insanların hamısını, fərq qoymadan, hörmətlə yad edirik və onlara rəhmət diləyirik”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər