27 Aprel 2015 17:37
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oqtay Əsədov Yaponiyada atom bombasının canlı şahidi olan Matsumoto Tomiko ilə görüşüb

Yaponiyada səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Hiroşima şəhərində olub.

Əvvəlcə qonaqlar Hiroşima Sülh Memorial Parkı ilə tanış olublar. Hiroşima şəhər merinin müavini Nişito Kouci məlumat verib ki, park 1945-ci ildə atom bombardmanı nəticəsində tamamilə məhv olmuş Nakacima dairəsinin ərazisində yerləşir. Ümumi sahəsi 12 hektardan çox olan parkın ərazisində Memorial Sülh Muzeyi, çoxsaylı abidələr, mərasimlər zəngi və kenotaf var.

Burada yerləşən “Sülh məşəli” abidəsində alov onun inşa edildiyi 1964-cü il avqustun 1-dən etibarən fasiləsiz olaraq yanır. Onun müəlliflərinin ideyasına görə, bu məşəl “Yer kürəsindəki bütün atom bombaları həmişəlik ləğv edilməyincə” yanacaq. Bildirilib ki, parkla üz-üzə, Ota çayının digər sahilində partlayışdan sonra Hiroşimanın mərkəzində salamat qalmış azsaylı binalardan biri Qembaku Günbəzi yerləşir.

Milli Məclisin Sədri Oqtay Əsədov atom bombasının təsiri nəticəsində həlak olmuş insanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

Sonra Azərbaycan parlamentinin nümayəndə heyəti parkda yerləşən Memorial Sülh Muzeyi ilə tanış oldu. Muzeyin girişində qonaqlara Hiroşima faciəsindən bəhs edən müxtəlif nəşrlər təqdim olundu.

Məlumat verildi ki, muzey iki korpusdan ibarət olan kompleksdən ibarətdir. Baş korpusda Yaponiyanın atom bombardmanı ilə bağlı çoxsaylı eksponatlar partlayışın müdhiş nəticələri, yanğınlar, yüksək radiasiya yoluxmaları və şüa xəstəlikləri barədə tam təsəvvür yaradır.

Şərq korpusundakı ekspozisiya isə Yaponiyanın II Dünya müharibəsində iştirakı, nüvə əsri haqqında ümumi məlumatları, müxtəlif görüntüləri, fotoşəkilləri özündə birləşdirir.

Azərbaycan nümayəndə heyəti fəxri qonaqlar zalında atom bombardmanının canlı şahidi olmuş xanım Matsumoto Tomiko ilə görüşüb. Faciə zamanı nənəsindən başqa bütün ailə üzvlərini itirmiş Matsumoto Tomiko bu barədə qonaqlara ətraflı məlumat verdi. O, uzaq məsafədən Yaponiyaya gəldiklərinə, vaxt tapıb Hiroşimanı və buradakı Sülh Memorial Muzeyini ziyarət etdiklərinə görə minnətdarlığını bildirdi. Faciə barədə ətraflı məlumata görə Matsumoto Tomikoya təşəkkürünü bildirən Milli Məclisin sədri Oqtay Əsədov dedi ki, onun kimi insanların yaşaması və yeni nəslə baş verən faciə barədə danışması bütün insanlığa çox böyük xidmətdir.

Qeyd edək ki, artıq Oqtay Əsədovun Yaponiya səfəri başa çatıb.

Nemət


Müəllif:

Oxşar xəbərlər