28 Aprel 2015 10:49
1 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəybala Əbil: “Kiminsə haqqımızda nə isə danışması bizə dünəndən maraqlı deyil”

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin keçmiş müavini İsmayıl Yusifovun sədrliyə iddia etməsi partiyada birmənalı qarşılanmayıb.

KXCP iyulda qurultay keçirməyi planlaşdırır və artıq hazırlıq işlərinə start verilib.

Partiya nizamnaməsinə görə, sədrliyə namizədlər qurultay günü iddialarını ortaya qoyacaqlar. Sədr olmaq istəyən şəxs məhz qurultayda tədbir iştirakçılarının səsini qazanmalıdır.

Lakin hələ qurultayın keçiriləcəyi gün dəqiq bəlli olmasa da, KXCP sədri Mirmahmud Mirəlioğlunun eks-müavini İsmayıl Yusifov iddiasını irəli sürüb və sədr olmaqda israrlı olduğunu bəyan edib.

2006-cı il martın 26-da KXCP-yə gəldiyini söyləyən İ.Yusifovun sözlərinə görə, özü ilə yanaşı, 3 min nəfər KXCP-yə üz tutub: “Partiyaya sədri olduğum Vahid Azərbaycan Uğrunda İstiqlal adlı qurumla gəlmişəm. Partiyaya gəldiyim il keçirilən qurultayda KXCP Ali Məclisinin və İdarə Heyətinin üzvü seçilmişəm. Həmçinin sədr müavini təyin olunmuşam. KXCP sədrinin müavini kimi 2011-ci il aprelin sonuna qədər fəaliyyətim olub. Sədrliyə namizəd olmaq iddiamı irəli sürəndən sonra partiya sədri bundan narazı qalıb və aramızda mübahisə yaranıb. Ali Məclisin sədri Bəybala Əbil və KXCP sədri məni aprelin sonunda müavinlikdən azad edib”.

İ.Yusifovun bu iddialarına münasibət öyrənmək üçün KXCP Ali Məclisinin sədri Bəybala Əbillə əlaqə saxladıq.

B.Əbil İ.Yusifovun heç bir iddiasına cavab vermək istəmədiyini söylədi: “KXCP Azərbaycan Xalq Cəbhəsinin şinelindən çıxıb, nizamnaməmiz, ənənə və qaydalarımız var. Konfranslarımız artıq qayda-qanunla, nizamnamə nə tələb edirsə, o cür də keçirilir. Cəmiyyət və partiyam üçün əhəmiyyətsiz olan məsələləri şərh etmək istəmirəm. KXCP-də bütün iclaslar demokratik şəraitdə keçir, tədbirlərimiz mətbuata açıq olur. Təşkilatımızda mübahisələr də, hətta az qala söz vuruşması da olur. Partiyamızda fikir müxtəlifliyi var. Amma kiminsə haradasa haqqımızda nə isə danışması bizə dünəndən maraqlı deyil”.

O əlavə edib ki, sədrliyə namizədlər qurultay günü müəyyənləşəcək.

“Özünüzün sədrliyə iddianız varmı” sualına B.Əbil belə cavab verib: “Bunu bilmək olmaz. Qurultay yaxınlaşsın, əvvəldən bir şey demək tezdir”.

Ali Məclisin sədrinin fikrincə, M.Mirəlioğluna kifayət qədər rəqib ola bilər: “Amma rəqiblərin Mirmahmud bəylə yarışması çətin olar. Çünki o, təşkilatın ağırlığını daşıyan, yaradıb ortalığa qoyan, ağır mübarizədən keçən liderdir. Onunla rəqabət aparmaq çətin olacaq”.

B.Əbil vurğulayıb ki, partiyanın lideri siyasi təşkilatlarda çox önəmli rol oynayır: “Türkiyə kimi ölkədə belə vəziyyət bu cürdür. Liderin partiyadan getməsi gərginliklə qarşılanır. Cəmiyyətin ictimai şüur səviyyəsi, tarixi proseslərə görə partiya lideri təşkilatdan gedəndə gərginlik yaşanır. Cəmiyyət inkişaf etdikcə, liderlərin partiyada rolu, yəqin, azalacaq”.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər