28 Aprel 2015 12:08
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Fransua Olland aprelin 24-də axşam saatlarında Azərbaycana işgüzar səfərə gəlib. Hava limanında onu Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Aprelin 25-də Prezident İlham Əliyevin və ölkəmizdə işgüzar səfərdə olan Fransa Prezidenti Fransua Ollandın görüşü olub.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Əlaqələrin dinamik inkişaf etdiyi bildirilib. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin daha da inkişafına təkan verdiyi vurğulanıb. Tərəflərin əlaqələrin daha da genişlənməsində maraqlı olduğu bildirilib və bunun üçün böyük imkanların mövcudluğu qeyd edilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandın münaqişənin həlli istiqamətində göstərdiyi fəallıqdan məmnunluğunu ifadə edib. Görüşdə regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Asim Mollazadə: "Ollandın Azərbaycana səfəri xüsusi mesajdır"

"Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri xüsusi bir mesajdır ki, Azərbaycan-Fransa münasibətləri Fransa rəhbərliyi üçün önəm daşıyır".

Bunu Fransa prezidentinin səfərinə münasibət bildirən Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə deyib.

Millət vəkili bu sülh missiyasından heç nə gözləmədiyini bildirib: "Çünki Ermənistan sülh istiqamətində heç bir addım atmağa hazır deyil. İndiyə qədər bu istiqamətdə, sadəcə, danışıqların imitasiyasını həyata keçirib. Lakin Fransua Ollandın Azərbaycana səfərini müsbət qiymətləndirirəm".

A.Mollazadə Ollandın qondarma "erməni soyqırımı" ilə bağlı Ermənistanda təşkil olunacaq tədbirlərə qatılmasına da münasibət bildirib: "Fransa bu istiqamətdə bir sıra qərarlar qəbul edib. Bu ölkənin prezidentinin Ermənistana səfəri də Fransada nüfuzlu erməni diasporunun olması və onların təsirləri ilə əlaqədardır".

"Səfər müsbət qiymətləndirilməlidir"

"Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri nəzakət xarakteri daşıyırdı".

Bunu isə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı Ermənistanda olan F.Olland başa düşür ki, Azərbaycanla iqtisadi əlaqələr Fransa üçün çox böyük əhəmiyyətə malikdir: "Ermənistan və Fransa arasındakı mal dövriyyəsinin həcmi 200 milyon dollara çatmır. Azərbaycanla Fransa arasında mal dövriyyəsi isə 2 milyard dollar hüdudlarındadır. Bu gün Azərbaycan və Fransa arasındakı iqtisadi əlaqələr, hərbi texniki əməkdaşlıq artan xətlə inkişaf edir. Eyni zamanda, humanitar əlaqələr də yüksək səviyyədədir. Fransada Azərbaycanla əlaqəli bir sıra mədəni tədbirlər keçirilir. Azərbaycanda fransız dili inkişaf edir. Ölkədə fransız məktəbi vardı, indi universiteti açılır".

"Ona görə Fransua Olland bunları itirmək istəmir. O, başa düşür ki, Azərbaycan Türkiyənin təcrübəsindən istifadə edə bilər. Vaxtilə Türkiyə Fransada qondarma "erməni soyqırımı"nın kriminallaşması ilə bağlı qanun qəbul ediləndə bu ölkə ilə bütün iqtisadi əlaqələri kəsdi. İndi Fransa ehtiyat edir ki, Azərbaycan da Fransa ilə iqtisadi əlaqələri azalda bilər. Fransua Olland Azərbaycandan gələn pulu itirmək istəmir. Ona görə Ermənistandan birbaşa Azərbaycana gəldi və nəzakətini göstərdi. Yəni, Azərbaycanla əlaqələr Fransa üçün Ermənistanla əlaqələrdən geri qalmır. Yəni, Fransua Olland Azərbaycana səfəri ilə bu mesajı vermək istəyirdi", - deyə M.Əhmədoğlu əlavə edib.

Mərkəz direktorunun sözlərinə görə, çətin ki, Fransa prezidentinin Azərbaycana səfəri hazırkı ərəfədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı bir dəyişiklik yaratsın: "Amma, mümkündür ki, yaxın zamanlarda Fransa tərəfi Dağlıq Qarabağ məsələsində ya yeni təkliflə çıxış edəcək, ya da prezidentlərin görüşü təklifini irəli sürsün".

Politoloq qeyd edib ki, bütün parametrlər üzrə F.Ollandın bu səfərini müsbət qiymətləndirir: "Fransa prezidentinin Ermənistandan Azərbaycana gəlməməsi üçün ermənilər çox çalışdılar. Amma, F.Olland israrla Azərbaycana gəldi. Hətta Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi müzakirələr olmasa, Fransua Ollandın bu səfərini, jestini müsbət qiymətləndirirəm. Hesab edirəm ki, indiki dövrdə ermənilərə qarşı çox vacib mesajdır".

SƏXAVƏT


Müəllif:

Oxşar xəbərlər