Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxış edən Ukraynanın 3 sabiq prezidenti Ukraynada yaranmış vəziyyətdən, o cümlədən Rusiya ilə münasibətlərdəki gərginliyi aradan qaldırmaq üçün dünya ictimaiyyətindən dəstək istəyiblər.
Trend xəbər verir ki, Polşanın sabiq prezidenti Aleksandr Kvasnevskinin moderatorluğu ilə keçən paneldə çıxış edən Ukraynanın ilk prezidenti, MDB-nin yaradıcılarından olan Leonid Kravçuk bildirib ki, hazıda Rusiyanın 9 min nəfərlik ən müasir texnika ilə silahlanmış ordusu Ukraynanı dağıdır: “İnsanları ona görə öldürürlər ki, onlar “rus dünyası”na xidmət etmək istəmirlər. Yəni bir sözlə, Rusiya Ukraynaya qarşı təcavüz siyasəti həyata keçirir. Budur Rusiyanın siyasi fəlsəfəsi. Rusiyada fikirləşirlər ki, biz Ukrayna ilə həmişə bir olmuşuq, ona görə də ayrıla bilmərik”.
Ukraynanın sabiq prezidenti Leonid Kuçma deyib ki, hazıda Ukraynada hansısa hərbi, mülki qarşıdurma getmir: “Bu, doğrudan da müharibədir. Separatçıların arxasında Rusiyanın peşəkar ordusu dayanır. Biz heç vaxt belə bir müharibənin olacağını təsəvvür edə bilməzdik. Ötən il biz Rusiya ilə ticarət əlaqələrində 3 milyard dollar itirmişik”.
L.Kuçma qeyd edib ki, Rusiya Ukraynanı özündən uzağa buraxmaq istəmir: “Biz Rusiya ilə müharibə apara bilmərik, bu, mümkünsüzdür. Başqa yollar axtarmalıyıq. Biz bütün dünyanı Ukrayna probleminin həllində köməyə çağırırıq”.
Ukraynanın digər sabiq prezidenti Viktor Yuşşenko isə deyib ki, hazırda Ukrayna hər gün müharibəyə 10 milyon dollar xərcləyir. Onun sözlərinə görə, Rusiya dünya üçün Dağlıq Qarabağ, Dnestryanı, Krım və Donbas kimi problemləri yaradıb.
Ona görə də V.Yuşşenko hesab edir ki, Ukrayna məsələsi dünyanın problemidir və dünya ictimaiyyəti bu məsələnin həllində yaxından yardımçı olmalıdır: “Ukrayna müharibə fonunda təhlükəsizlik və iqtisadi sahələrdə islahatlar aparmaq istəyir. Biz həm də Ukraynanı təhdid edən Rusiyaya qarşı necə mübarizə aparmağın yollarını axtarırıq. Bu məsələdə bizə beynəlxalq cəmiyyətlərin köməyi lazımdır. Belə olsa, problemi beynəlxalq səviyyədə həll etmək olar”.