Vyetnamdakı “yara”, İraq müharibəsindəki dəyişkən mövqe, Suriya terrorçuları ilə əlaqə və anti-Azərbaycan planı: Con Kerri kimdir?
ABŞ Dövlət Katibi Con Kerrinin Konqresdəki ofisində hazırlanmış və bilavasitə Dövlət Departamentindən idarə olunduğu şübhə doğurmayan anti-Azərbaycan planının ifşası, xeyli müddətdir ki, Bakı 2015 I Avropa Oyunlarına qarşı aparılan qarayaxma kampaniyasının da haradan qaynaqlandığını üzə çıxarmış oldu.
***
Məsələ aydındır: Hədəfində Azərbaycan olan xüsusi bir əməliyyat hazırlanıb və bu əməliyyatın çoxistiqamətli fəaliyyət planı artıq icraata yönəldilib. Bəs səbəb nədir? Cənab Kerrinin belə bir plan hazırlatdırıb ona rəhbərlik etməsinin arxasında hansı maraqlar dayanır? Bu suallara ümumiləşdirilmiş formada belə cavab vermək olar: Dayanqılı və təminatlı iqtisadi sistemini formalaşdırmış Azərbaycan, özünün müstəqil siyasət kursunu da kifayət qədər möhkəmləndirməyə müvəffəq olub. Lakin bu reallıq monstrlar korporasiyasına çevrilmiş Dövlət Departamentinin istək və arzuları ilə tərsmütənasiblik təşkil edir.
Bu məqalədə anti-Azərbaycan planını doğuran səbəblərə detallı şəkildə toxunmayacağıq. Bu barədə təqdim olunmuş ARAŞDIRMADA məsələnin mahiyyəti kifayət qədər dəqiqliklə və konkret faktlarla ortaya qoyulub. Biz dövlətimizə qarşı yönəlmiş əməliyyata rəhbərlik edən adamın – Con Forbs Kerrinin şəxsiyyəti üzərinə bir qədər işıq salmaq istərdik. Tərcümeyihalı ilə işimiz yoxdur. Nə vaxt və harada anadan olduğu oxucu üçün maraqlı olmaya bilər. Lakin onun saxtakarlığa meyilli olması və sürüşkən mövqeyi barədə qeydlərin diqqət çəkəcəyinə şübhə etmirik.
“O, komandanlığı aldadırdı…”
Con Kerrinin saxtakarlığa meyilli olduğunu təsadüfən qeyd etmədik. Bunu onun Vyetnam müharibəsi zamanı xidmət etdiyi patrul gəmisinin komandiri olmuş Con Onil (John E. O’Neill) özünün “Komandanlığa yaramır”( «Unfit for Command») kitabında yazıb. Müəllifin sözlərinə görə, Con Kerri bədənindəki adi çapığı “ağır güllə yarası” kimi rəsmiləşdirib: “Halbu ki, həmin çapıq da döyüş şəraitində əmələ gəlməmişdi”. Con Onil bu kimi faktları açaraq Kerrinin Vetnam müharibəsində aldığı ordenin də saxtakarlıq yolu ilə əldə olunduğuna işarə edib. Kitab müəllifi iddia edir ki, Con Kerrinin baş komandanlığı aldatdığını onun zabit kimi baş komandanlığa yazdığı hesabat xarakterli məktublardakı ziddiyətli məqamlardan da görmək olar. Bu sənədlər ABŞ Hərbi donammasının arxivlərində bu gün də saxlanılır (http://www.amazon.com/Unfit-For-Command-Veterans-Against/dp/0895260174).
Kerri: “Onlar qadınları zorlayır, günahsız insanları güllələyirdilər”
C.Kerri hərbi xidmətini Nyu-Yorkda başa vurub. Qatı müharibə tərəfdarı olan gənc Con Ordudan tərxis olan kimi “Vetnam Veteranları Müharibəyə Qarşı” (Vietnam Veterans Against the War, VVAW) təşkilatına qoşulur və qısa müddətdən sonra qurumun İcrayyə Komitəsinin üzvünə çevrilir. 1971-ci il aprelin 22-də isə Con Kerri – dünənə qədər Vetnam müharibəsini “Müqəddəs savaş”, müharibədə döyüşənləri isə “Qəhrəman” adlandıran adam ABŞ Senatının Xarici İşlər Komitəsində çıxış edərək hər kəsi şoka salan bəyanat verir: “Mən Cənub-Şərqi Asiyada törədilmiş hərbi cinayətlərdən danışmaq istəyirəm. ...Orada insanların başını, qulaqlarını kəsirdilər. İnsanların cinsiyyət orqanına səhra telefonlarının naqilləri vasitəsilə elektrik enerjisi buraxırdılar. Qadınları zorlayır, günahsız insanları güllələyir, kəndləri dağıdırdılar...”
Rəsmi Vaşinqtona qarşı ünvanlanmış bu ittiham dolu çıxışın ardınca Con Kerri hər kəsin gözü qarşısında yaxasındakı orden və medalları qopararaq yerə atır və bəyan edir ki, bu addımı Amerikanın Vetnama qarşı müharibəsinə etiraz xarakteri daşıyır (http://politikus.ru/articles/6372-korporaciya-monstrov-dzhon-kerri.html). Lakin 14 ildən sonra Massaçusets Ştatından senator seçilən Kerri Vetnam müharibəsi zamanı qazandığı orden və medalları ictimaiyyətə nümayiş etdirir. Jurnalistlər ona 14 il əvvəlki etiraz aksiyasını xatırladanda isə C.Kerri belə bir cavab verir: “Mən onda ordenləri deyil, onların plankasını atmışdım”. Elə bu cavab da onu Amerika mətbuatının hədəfinə gətirir...
İraq müharibəsindəki ikili mövqe
Con Kerri İraq müharibəsi ərəfəsində və gedişatında səsləndirdiyi fikirlərlə də mövqeyinin tez-tez sürüşdüyünü və prinsipsiz siyasətçi olduğunu deməyə əsas yaradıb. 2002-ci ilin uyul ayında o belə deyirdi: “Mən Ağ Evin İraqda hakimiyyəti dəyişmək planını tamamilə dəstəkləyirəm”. Həmin ilin oktyabrında verdiyi açıqlamada ABŞ prezidentinə Səddam Hüseyni tərkislah etmək məqsədilə güc istifadə etmək səlahiyyətinin verilməsini dəstəklədiyini bildirir. 2003-cü il martın 20-də ABŞ Ordusu İraqa daxil olur və bundan cəmi 5 ay sonra C.Kerri əvvəlki mövqeyini təkzib edən bəyanatla çıxış edir: “Səddam Hüseyn həqiqətən də diktator idi. Lakin bu, İraqla müharibəyə başlamağa əsas vermirdi. Səddam Hüseyn yoxdur, əvəzində xaos var və bu da Amerika üçün daha ciddi təhlükədir”( http://politikus.ru/articles/6372-korporaciya-monstrov-dzhon-kerri.html).
Suriyadakı qanın baiskarı
Con Kerrini Suriyada müharibənin alovlanmasının əsas səbəbkarlarından biri kimi də təqdim etmək olar. Məhz onun ciddi səyləri nəticəsində bu gün Suriya qan içində boğulur. Kerri 42 il ABŞ Senatının Xarici İşlər Komitəsindəki ilk çıxışında müharibənin əleyhinə olduğunu bəyan etsə də Suriya məsələsində alovlu müharibə tərəfdarı kimi çıxış etdi. 42 il əvvəl ABŞ dövlətinin verdiyi orden və medallardan nümayişkəranə şəkidə imtina etmiş bu adam bu dəfə tamam fərqli xarakter nümayiş etdirərək Suriya müxalifətini silahlandıraraq müharibəni qızışdırmağa müvəffəq oldu. Komitədəki çıxışndan sonra senator Ron Conson(Wisconsin Sen. Ron Johnson) ona belə bir sual verir: “Məlumatlar var ki, Bəşər Əsədə qarşı döyüşən müxalif qüvvələrin sırasında dünya ölkələri tərəfindən qara siyahıya salınmış terror təşkilatlarının təmsilçilərinə də rast gəlinir. Bu barədə siz nə deyə bilərsiniz?” O zaman Kerri bu suala belə cavab vermişdi: “Bu məlumat həqiqətə uyğun deyil”. Halbu ki, o bundan bir qədər əvvəl İraqın xarici işlər naziri Xoşiyar Zibari ilə görüşündə açıq və aydın şəkildə bəyan etmişdi: “Hazırda Əl-Qaidənin döyüşçüləri Suriyada müxalifət qüvvələrinin tərkibinə daxildirlər. Onların əksəriyyəti Əl-Qaidənin Suriyadakı qolu olan “Əl-Nüsrə Cəbhəsi”nin döyüşçüləridir”. 2012-ci ilin dekabr ayında Ağ Ev “Əl-Nüsrə Cəbhəsi”ni “qanundan kənar” elan edir. Lakin cəmi 6 aydan sonra, Ben Laden davamçılarından təşkil olunmuş Suriya müxalifətinə hərbi yardım göstərilməsilə bağlı qərar qəbul olunur...
Mişel Çoşşudovskinin dedikləri
Kanadanın Qloballaşdırmanın Yaratdığı Problemlərin Araşdırılması Mərkəzinin direktoru Mişel Çossudovski ABŞ-ın ikibaşlı Yaxın Şərq siyasətində təəccüblü heç nə görmür. O hesab edir ki, Ağ Ev Con Kerrinin vasitəsilə Əl-Qaidə döyüşçüləri ilə əlaqədədir: “Bizdə tutarlı sənədlər var ki, onların Suriyadakı üsyançılara pul və silah ötürürdüyünü təsdiqləyir. Halbu ki, həmin üsyançılar Dövlət Departamentini tərtib etdiyi siyahıdakı “Terror təşkilatları”nın döyüşçüləridir”.
Mişel Çossudovski iddia edir ki, Con Kerrinin Suriyadakı səhra komandirlərilə birbaşa əlaqəsi var(http://www.liveinternet.ru/users/sirian_a/post279073830/ - Press.Tv-yə müsahibədən(Monreal – N.D).
1971-ci ildə verilmiş bəyanatın nidası
Kifayət etdimi? ABŞ Dövlət Departamentinə rəhbərlik edən şəxsin sürüşkən mövqeyi barədə aydın təsəvvürləriniz yarandımı? İndi cənab Kerri Azərbaycanla əlləşir, xüsusi əməliyyatlar hazırlayır, planlar cızır və çox təəssüf ki, onun bu planlarına sığınaraq hansı təhlükəli yola qədəm qoyulduğunun fərqinə varmayan adamlar(ımız) var... 2005-ci ildə ABŞ Ordusunu “işğalçı”, əsgərləri isə “terrorçu” adlandıraraq özünü pasifist kimi göstərən , 10 ildən sonra isə Suriyanı bombalamağın vacibliyindən danışan adam bu gün də ABŞ-Azərbaycan münasibətlərinə zərbə vurur, ikitərəfli əlaqələrin əzəli məcrasından çıxmasına çalışır. Amma bunu onun qəti mövqeyi kimi də qəbul etmək olmaz. Kerri sabah tamam başqa havaya köklənə bilər – Təcrübə bunu göstərir.
Maraqlıdır, görəsən cənab Kerri 1971-ci ildəki məşhur çıxışını xatırlayırmı? Uzun çıxışdır, daha yaddaqalanı isə sondakı nidasıdır: “Biz gördük ki, Amerika mənəviyyatını itirib!”
Nicat Dağlar
"AZERFAX"