29 Aprel 2015 18:43
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

“I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan tarixinin mühüm səhifələrindən biri olacaq”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib. O bildirib ki, möhtəşəm idman yarışı olan I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox böyük tarixi hadisədir.

R.Zeyninin sözlərinə görə, bunu Azərbaycanın dünya və Avropa ailəsində ciddi və etibarlı partnyor kimi qəbul olunmasının, eyni zamanda aparılan düzgün siyasətin qələbəsi kimi qiymətləndirmək lazımdır: “Bir çox ölkə İlk Avropa Oyunlarının keçirmək arzusunda idi. Ancaq bu imkanı Azərbaycan qazandı və biz ilk Avropa oyunlarına ev sahibliyi edəcəyik. I Avropa Oyunları dünya və Avropa ilə yanaşı Azərbaycanın da tarixinə düşəcək. Bu yarışların tarixi əhəmiyyəti olması ilə bərabər siyasi, iqtisadi əhəmiyyəti də böyükdür. Baxmayaraq ki, dünyada maliyyə böhranı var və belə bir zamanda Azərbaycan öz hesabına bu oyunların keçirilməsi üçün bütün lazımi işləri həyata keçirib. Artıq Bakı oyunlara tam hazırdır. Bu günlərdə Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Suraxanıda yerləşən Atəşgahdan olimpiya oyunlarının məşəli alovlandırıldı. Məşəlin alovlandırılması artıq bu böyük idman yarışının başlanmasının ilk işartılarıdır. Bu da o deməkdir ki, Azərbaycanın milli, iqtisadi, siyasi və beynəlxalq əhəmiyyəti böyükdür. Çünki bu idman yarışına altı minə yaxın idmançı, iki minə qədər jurnalist gələcək və bu ölkəmiz üçün mühüm addımdır. Biz hələ Avropa Oyunlarının Astanasında olmağımıza baxmayaraq artıq bu möhtəşəmliyi hiss edirik. “Avroviziya” yarışması ölkəmizin turizm pasportu idi, ilk Avropa Oyunları isə Azərbaycanın dövlət və cəmiyyət pasportu olmalıdır. Müstəqillik dövründə siyasi, iqtisadi, mədəni, vətəndaş cəmiyyəti və digər sahələrdə əldə etdiyimiz nailiyyətləri dünya ictimaiyyətinə məhz bu Avropa Oyunları vasitəsilə təqdim etməyi bacarmalıyıq. Bu, bizim məqsədimiz, uğurumuz və qələbəmiz olacaq”.

“Bu qüvvələr öz niyyətlərinə nail ola bilməyəcəklər”

R.Zeyni I Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı aparılan “qara piar” kampaniyasına toxunaraq deyib ki, Azərbaycan gücləndikcə, Avropa ailəsində öz yerini möhkəmləndirdikcə, eyni zamanda regionda daha da qüdrətli dövlətə çevirildikcə bizi istəməyənlər çox olacaq. O, qeyd edib ki, ölkəmizdə hər hansı böyük tədbir keçirildikdə belə qüvvələr aktivləşir və Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar: “Amma bu qüvvələr öz niyyətlərinə nail ola bilməyəcəklər. Azərbaycan ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirləri layiqincə keçirib. Bu il isə dünya tarixinə Bakı-2015 I Avropa Oyunları ilə öz adını yazacaq və bu idman yarışı ən yüksək səviyyədə keçiriləcək, biz də bunun şahidi olacağıq. Buna qədər Azərbaycanı “Avroviziya” mahnı yarışmasına görə tanıyırdılarsa, bundan belə I Avropa Oyunlarını keçirən bir ölkə kimi də yadda saxlayacaqlar. Hər bir əcnəbi Azərbaycanın müstəqillik illərində necə inkişaf etdiyinin şahidi olacaq”.


Müəllif: