ABŞ dövlət katibinin ofisindən idarə olunan antiazərbaycan kampaniyasının arxasında erməni lobbisi durur.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin üzvü Rövşən Rzayev bildirib.
O qeyd edib ki, Azərbaycan bu gün regionda güclü ölkəyə çevrilib və böyük siyasi-iqtisadi uğurlara malikdir.
“Yaxın günlərdə Bakıda Birinci Avropa Oyunları keçiriləcək və ermənilər bu oyunlar ərəfəsində ölkəmizin imicini ləkələməyə çalışırlar. Onlar bu işə ABŞ dövlət katibi Con Kerrinin ofisini də cəlb edə biliblər”, - deyə R.Rzayev vurğulayıb.
Deputat o fikirdədir ki, bu antiazərbaycan kampaniyasının arxasında erməni lobbisi və lobbini dəstəkləyən ayrı-ayrı şəxslər durur.
“Con Kerrinin erməni lobbisi ilə güclü əlaqələrinin olması məlumdur, məhz Azərbaycana qarşı 907-ci düzəlişin müəlliflərinin biri də odur. Lakin ABŞ dövlət katibi öz baxış bucağını bir də nəzərdən keçirsə, Azərbaycan və ABŞ arasındakı tərəfdaşlıq münasibətlərini də nəzərə alsa, daha yaxşı olar. Birinci yerdə dövlət maraqları durmalıdır, şəxsi maraqlar yox”, - deyə R.Rzayev əlavə edib.
Onun sözlərinə görə, gələn il ABŞ-da prezident seçkiləri olacaq və çox güman ki, C.Kerri erməni lobbisini dəstəkləməklə öz gələcəyi haqqında düşünür.