30 Aprel 2015 20:16
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Hüseynli: “Azərbaycan ilk Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir”

“İyun ayında keçiriləcək ilk Avropa Oyunları Azərbaycanın həm bir güclü dövlət kimi özünü təsdiq etməsi, həm də xalqımızın böyük uğurudur. Çünki belə mötəbər tədbirlər ancaq o ölkələrdə keçirilə bilər ki, həmin ölkə həm hüquqi, həm siyasi, həm insan insan haqları, həm də iqtisadi baxımdan tam inkişaf etmiş olsun. Azərbaycan Avropada inkişaf etmiş ölkələr sırasına daxil olmaqdadır, göstəricilərimiz bundan ibarətdir. Məhz bu amillərin əsasında da ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi haqda qərar qəbul olunub”.

Teleqraf.com-un məlumatına görə, bunu YAP-ın saytına müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Ə.Hüseynli qeyd edib ki, Azərbaycanda idmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində ölkəmiz Avropanın idman mərkəzlərindən birinə çevrilib. Onun sözlərinə görə, ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır: “Əminliklə bildirmək istəyirəm ki, Azərbaycan ilk Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bakıda birinci Avropa Oyunları ilə əlaqədar həyata keçirilən infrastruktur layihələri, yeni idman arenalarının inşası, mövcud obyektlərdə əsaslı yenidənqurma işlərinin aparılması, atletlər kəndinin hazırlanması, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, digər çoxsaylı tədbirlərin əlaqələndirilməsi və qısa müddətdə reallaşdırılması görülən işlərin miqyası barədə konkret təsəvvür yaradır”.

“Bu, idmançılarımız üçün də bir şansdır”

Komitə sədri bildirib ki, eyni zamanda, ilk Avropa Oyunları idmançılarımızın da öz imkanlarını nümayiş etdirmək üçün bir şansdır: “İnanıram ki, bu mötəbər idman yarışında idmançılarımız böyük uğurlar qazanacaqlar. Azərbaycan idmançıları uzun illərdir ki, beynəlxalq yarışlarda ölkəmizi şərəflə təmsil edirlər. Avropa Oyunları da bir fürsətdir ki, öz evimizdə Azərbaycanın dövlət himnini səsləndirməklə bir daha bütün dünyaya sübut edək ki, Azərbaycan həm güclülər ölkəsidir, həm də inkişaf etmiş, azad və demokratik dövlətdir”.

“Bu uğurlar uzunmüddətli proqramların nəticəsidir”

Ə.Hüseynlinin sözlərinə görə, idman sahəsindəki qələbələr, nailiyyətlər uzunmüddətli dövr üçün hazırlanan proqramların nəticəsində əldə olunub: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, idmanın inkişafı dövlət siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər Azərbaycanda var. Bilirsiniz ki, bütün Azərbaycanda, onun bölgələrində idmanın inkişafı geniş vüsət alıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bölgələrdə gənclərin sağlam şəkildə yetişdirilməsi, ölkəmizin genefondunun – gənclərimizin sağlam ruhda böyüməsi üçün əsaslı addımlar atılır. Bu gün ölkəmizdə idman təkcə yeniyetmə və gənclər arasında deyil, həm də yaşlılar, əlillər, məktəbəqədər, ibtidai məktəb səviyyəsində də inkişaf etdirilir. “Bədən tərbiyəsi və idman haqqında” Qanun ölkəmizdə idmanın həm yüksək səviyyədə inkişafını, həm də bu inkişafın sistematikliyini təmin edir. Qanunda da göstərilir ki, bu istiqamətdə dövlət siyasətinin məqsədi bədən tərbiyəsi və idmanın hüquqi bazasını, həmçinin, yüksək dərəcəli idmançıların hazırlanması üçün bədən tərbiyəsi-idman təşkilatlarını, uşaq idman müəssisələri sistemini yaratmaqdan ibarətdir. Yəni bu sahədə nailiyyətlərin əldə olunması üçün bütün imkanlar yaradılır. O cümlədən, bu gün bütün idman təşkilatları üçün bərabər imkanlar yaradılıb və bütün idman sahələri inkişaf etdirilir. Nəzərə alsaq ki, idmanla peşəkar səviyyədə məşğul olan insanların əksəriyyəti gənclərdir, o zaman belə bir qənaətə gələrik ki, idmana qayğı, idmanın kütləviliyi həm də gənclərin inkişaf etdirilməsi sahəsində görülən işdir. Bu baxımdan, ölkəmizdə gənclərin inkişafına həsr olunan dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi də prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarirfləndirici təbliğatın aparılması, onların idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır. Əsas məqsəd gənclərin sağlamlığının qorunması və buna xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin keçirilməsidir. Unutmayaq ki, sağlam gənclik həm də sağlam gələcək deməkdir. İdmanın inkişafı istiqamətində görülən işlərdə başlıca amillərdən biri də sağlam nəslin formalaşmasından ibarətdir”.

“Bu çağırışların heç bir əsası yoxdur”

İlk Avropa Oyunları ərəfəsində müəyyən xarici dairələr tərəfindən ölkəmizə qarşı aparılan qərəzli kampaniyalara münasibət bildirən Ə.Hüseynli qeyd edib ki, bu dairələrin Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində başladıqları kampaniyaların, eləcə də boykot çağırışlarının heç bir əsası yoxdur: “Bu kampaniyaları əsasən müəyyən QHT-lər həyata keçirirlər. “Amnesty İnternational”, “Human Rights Watch” kimi qeyri-hökumət təşkilatları Qərbin müxtəlif dairələri tərəfindən idarə olunur. Bu dairələrin erməni lobbisi ilə birbaşa əlaqəli olduğu hamımıza məlumdur. Onların ölkəmizdəki havadarları radikal müxalifət və bir sıra “vətəndaş cəmiyyəti nümayəndələri”dir. Artıq Azərbaycanın inkişafı o səviyyədədir ki, bu cür əsassız iddialarla ölkəmizə təzyiq etmək mümkün deyil.

Heç kimdə şübhə yoxdur ki, ilk Avropa Oyunları yüksək səviyyədə keçiriləcək. Çünki Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə təşkilati işlər ən yüksək səviyyədə icra olunur. Avropa Oyunları ilə əlaqəli olan Avropa nümayəndələri də dəfələrlə təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini vurğulayıblar. Yəni demək istəyirəm ki, Avropa Oyunlarının uğurla keçiriləcəyi artıq həm dünya, həm də Avropa ictimaiyyətinə məlumdur. Əlbəttə ki, bu fakt Azərbaycanın beynəlxalq imicinə də çox müsbət təsir göstərəcək. Məhz buna görə də, müəyyən QHT-lərin cəhdləri heç bir nəticə verməyəcək. Hamı onları tanıyır, Azərbaycan ictimaiyyəti də belə kampaniyalara əhəmiyyət vermir. Yenə də deyirəm ki, ciddi, nüfuzlu beynəlxalq təşkilatlar, idman qurumları, o cümlədən, Avropa Olimpiya Komitəsinin rəhbərliyi Azərbaycanın ilk Avropa Oyunlarına hazırlığını çox yüksək qiymətləndirirlər”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər