Zahid Oruc: “Qafqazda heç kəs Amerika prezidentini gözləmir”
Cənubi Qafqaz regionunda liderliyi ilə seçilən Azərbaycan öz müstəqil siyasətini yürütmək niyyətini bütün dünyaya bəyan edib. Lakin bəzi xarici ölkələr, xüsusilə, Qərb dövlətləri və ABŞ öz siyasi və iqtisadi maraqları naminə Azərbaycana qarşı müxtəlif zamanlarda qara piar kampaniyası həyata keçirib.
“Bakı-2015" Birinci Avropa Oyunları ərəfəsində ABŞ dövlət katibi Con Kerrinin konqresdəki ofisindən Azərbaycandakı sabitliyə qarşı yönəlik addımların planlanması vaxtından əvvəl ölkə ictimaiyyətinə bəyan oldu.
Bəs, görəsən, bütün bunların arxasında hansı bədxah niyyətlər dayanır?
Məsələyə münasibət bildirən hüquq elmləri doktoru Kamil Səlimov deyib ki, hər bir dövlətin öz maraqları var. Onun sözlərinə görə, bir dövlət digər dövlətə qarşı münaqişə strategiyasına keçəndə tərəflər arasında ciddi narazılıq yaranır: “Onlar başa düşməlidirlər ki, Birinci Avropa Oyunları sülh üçün atılan addımdır. Əgər Amerika demokratiya, sülh istəyirsə, buna dəstək verməlidir. Təbliğat aparmalıdır ki, münaqişə zonasına sülhün addımları gəlib çatsın. Azərbaycan münaqişənin qarşısını almaq üçün demokratik və sivil formada tədbir keçirir. ABŞ buna dəstək vermək əvəzinə, hücuma keçir”.
K.Səlimov əlavə edib ki, Amerikada çoxlu problemlər var: “Dünyada ən çox məhbus Amerikadadır. Hazırda ABŞ-da 1 milyon 260 min məhbus var. ABŞ-da 300 milyon əhali var, hər 100 nəfərdən biri cinayət məsuliyyətinə cəlb olunub. Hesab edirəm ki, strateji cəhətdən Amerika xarici siyasətini yürüdənlər yenidən fikirləşərək qərara gəlməlidir ki, apardıqları bu cür siyasətin indiki məqamda xeyri yoxdur”.
Millət vəkili Zahid Oruc bildirib ki, Cənubi Qafqazın geopolitikası çoxdan dəyişib. Onun sözlərinə görə, ənənəvi qüvvələrin sıxışdırılıb çıxarılmasının hansı üsullarla baş verdiyini isə Vaşinqton yaxşı bilir: “2008-ci ilə qədər bölgədə simpatiya alternativsiz olaraq Vaşinqtonun tərəfində idi. Barak Obamanın ”xaricdə yaxşı oynayan" Buş hakimiyyətini əvəzləməsi ona miras qalan uğurlu tərəfdaşlıq və iqtisadi-siyasi ortaqlıq xəttindən geri çəkilməklə yekunlaşdı. “Demokratlar” Qafqazdan Saakaşvili ilə bərabər çıxdılar və əllərində olan yüksəklikləri təhvil verərək yeni qitələrə-Obamanı özününkü sayan müsəlman aləminə yönəldilər".
Millət vəkili deyib ki, müstəqillik illərində gördüyümüz müxtəlif işğal siyasətlərindən, maraq zonaları uğrundakı savaşlardan fərqli olaraq indiki sənəd dövlətin, onun kəşfiyyat strukturlarının birgə süzgəcindən keçərək icraya yönəldilmiş “kiçik Marşal planı”na bənzəyir: “Onun cəmiyyət üçün açıq olan paraqrafları ilə yanaşı, populizmdən uzaq olan bir mühüm dövlət adamının dediyi kimi, ”bilsəniz, dəhşətə gələrsiniz" hissəli qovluqları da mövcuddur. Görünür, Azərbaycan dövlətinin müxtəlif diplomatik kommunikasiyaları məsələni bağlı qapılar arxasında həll edə bilmədiyindən, problem ictimai xarakter alıb və xalqı böyük siyasi təlatümlər barəsində xəbərdar etmək son varianta çevrilib.
Əlbəttə, söhbət terror və ya inqilab hazırlıqlarından getmir. İstənilən Qərb ölkəsində strateji layihələndirməyə, yaxud, praqmatik mənafeləri gerçəkləşdirməyə cavabdeh olan siyasətçilər, beyin mərkəzləri və ideya mühəndisləri Azərbaycanda hazırkı hakimiyyətin alternativinin məhz xaos olduğunu yaxşı bilirlər. Elə isə demokratların son illər rəsmi Bakıya dair qəzəbli qərarına səbəb nə olub?
Burada geopolitikanın izlərini axtarmaq lüzumsuzdur. Çünki Rusiyanın əleyhinə ittifaqda yer almamaq nə Ukraynanın, nə də Qərbin taleyinin bu tandemdə həll olunması üçün bizdən gözlənilən dəstəyin itirilməsi anlamına gələ bilməz.
Ancaq deyəsən, vaxtilə Jak Şirakın uzaqgörənliklə söylədikləri təkrar olunur-Amerikanın milli - əslində, transmilli fondlarını ölkəsindən qovan hakimiyyətlər dinc qoyula bilməz! Hökm aydındır - səfirlərin arzuolunmaz şəxsə çevrilməsindən daha təhlükəlisi qara siyahıya saldığın inqilab fondlarıdır ki, indi Azərbaycan bunun hesabını artıqlaması ilə ödəyir".
Z.Oruc əlavə edib ki, Amerika regiondan səssiz-səmirsiz çıxıb gedir: “Yoxsa, Azərbaycanı itirməyə başqa nə ad qoymaq olar? Əks halda diplomatik kanallar adekvat işlək qabiliyyətlərini itirməyibsə, məşhur Vikiliksdəki xüsusi təsvirləri bir kənara buraxıb, kanonlarla düşünməyə deyil, gerçək informasiyaları rəhbərlərinə çatdırmağı düşünməlidirlər. Yəqin, dediklərimi təbəssümlə qarşılayanlar da olacaq. Yəni, Kerrinin masası üzərində minlərlə kəşfiyyat məlumatı yoxdurmu? Olsun. Lakin təəssüf, axırıncı dəfə ”qızılgül inqilabı" ilə Gürcüstanı fəth edən və gürcü havasına ingiliscə oynayan Corc Buşdan fərqli olaraq Obamanın komandası regionu yaxşı tanımır.
Xanım Klintonun o zamankı gəlişini cəbhədə atəşkəsi pozmaqla qarşılayanların isə nə demək istədikləri hamıya bəllidir. Qafqazda heç kəs Amerika prezidentini gözləmir. Bununla bərabər, Azərbaycanın iki xristian qonşusundan fərqli olaraq regionun taleyində həlledici rol oynadığını unutmaq olmaz. Hər halda bahalı dövlət olmağın hesabı hamı üçün ağırdır".
BƏXTİYAR