2 May 2015 11:22
1 990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onunla ölümündən cəmi 2 gün öncə danışmışdıq.

Mərhum politoloq Vəfa Quluzadəyə Publika.az-ın “Siyasətsiz siyasətçi” rubrikasına müsahibə üçün müraciət etmişdik. İndi vaxtı olmadığını, amma mütləq gələcəyini söz vermişdi. Amma... Amma ölüm imkan vermədi. Dünən gecə sabiq dövlət müşavirinin vəfat etdiyini eşitdik.

Publika.az sonuncu söhbətimiz zamanı V. Quluzadənin yayımlanmamış açıqlamasını təqdim edir.

“Mən həmişə demişəm, yenə deyirəm: Qarabağ probleminin həlli üçün ya Rusiya oyundan çıxmalı, ya da bu ölkənin imperiya ambisiyaları aradan qalxmalıdır. Moskva oyundan çıxmaq istəmir. Çünki Qarabağ münaqişəsi Rusiyanın Azərbaycan və Ermənistan üzərində təsirini və regionda mövcudluğunu gücləndirir. Lazım olanda Ermənistana bir göstərişlə cəbhədə gərginliyi artırır. Yeganə ümid Rusiyanın imperiya ambisiyalarından əl çəkməsidir. Bunu Qərb edə bilər, lakin hələ ki üfüqdə belə bir perspektiv görünmür. İmperiya ambisiyaları Rusiyanın, rus xalqının öz ziyanınadır.

Çünki gec, ya tez bütün imperiyalar kimi bu imperiya da dağılacaq. O zaman, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olacaq. Həmin vaxt Ermənistan da işğal etdiyi Azərbaycan torpaqlarını öz istəyi ilə geri qaytaracaq. Bunun konkret nə vaxt baş verəcəyini deyə bilmərəm, lakin mütləq olacaq. Tarix bunu deməyə əsas verir”, - deyə V. Quluzadə son açıqlamasında belə demişdi.

Vəfa Quluzadə Qarabağın qayıtdığı günə qədər yaşaya bilmədi. Amma onun ruhu bu günü mütləq səmadan seyr edəcək!

Allah rəhmət eləsin.


Müəllif:

Oxşar xəbərlər