21 May 2014 18:59
940

“Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə münasibətlər önəmli yerlərdən birini tutur. Bu gün Azərbaycan özünün enerji siyasətində də həm Avropa, həm də Asiya istiqamətində fəaliyyətini gücləndirməkdədir. Cənubi Qafqazın aparıcı ölkəsi kimi Azərbaycan bölgədə söz sahibidir və bu baxımdan əməkdaşlıq kontekstində Asiya dövlətlərinin diqqət mərkəzindədir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, prezident İlham Əliyevin xarici siyasətində Asiya regionu ilə əlaqələr vacib yer tutur. Onun sözlərinə görə, siyasi əlaqələrlə yanaşı iqtisadi münasibətlərdə, o cümlədən ixrac-idxal proseslərində də Asiya ölkələri ilə əməkdaşlığımız yüksələn xətlə inkişaf etməkdədir. YAP icra katibinin müavini deyib ki, prezident İlham Əliyevin Vyetnama səfəri və səfər çərçivəsində aparılan danışıqlar bütövlükdə Asiyaya yönəlik siyasətimizin istiqamətlərindən biridir.

“Bu gün Asiyanın ən aparıcı ölkələrindən biri də Çin Xalq Respublikasıdır. Prezident İlham Əliyev bu ölkəyə səfəri zamanı apardığı danışıqlarda ikitərəfli əlaqələrimizin inkişaf etdirilməsi, həm də bütövlükdə Asiya qitəsində gedən proseslərdə Azərbaycanın iştirakı ilə bağlı özünün dəyərli fikirlərini bildirib. Azərbaycan sürətlə inkişaf edən, dünyaya açıq olan bir ölkədir. Prezidentin bu regiona səfəri bütövlükdə milli maraqlarımızı özündə əks etdirən siyasətinin məntiqi davamıdır. Eyni zamanda, Azərbaycan bir çox beynəlxalq təşkilatların işində fəal iştirak edir. Bu mənada, prezident İlham Əliyevin Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin zirvə toplantısında iştirakı və həmin toplantıda çıxış etməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından çox əhəmiyyətlidir” – deyə, YAP icra katibinin müavini vurğulayıb.

M.Qurbanlı onu da qeyd edib ki, Yeni Azərbaycan Partiyası da Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının rəhbərliyinə daxildir. Onun sözlərinə görə, bu təşkilatda Çin, Hindistan, Türkiyə və s. Asiyanın digər aparıcı dövlətləri təmsil olunur: “Burada 350-dən çox partiya təmsil olunsa da, 22 partiya həmin təşkilatın rəhbər qurumu olan Daimi Komitəsində təmsil olunur. YAP da Daimi Komitənin üzvüdür. YAP-ın nümayəndə heyəti dəfələrlə Çində, Vyetnamda, Pakistanda və digər Asiya ölkələrində keçirilən tədbirlərə qatılıblar. Yəni biz bu təşkilat vasitəsilə də Asiya ölkələri ilə əməkdaşlıq edirik”.

Səxavət


Müəllif: