Xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın ATƏT-ə sədrliyi üzrə işçi qrupunun rəhbəri səfir Dejan Şahoviçi qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanla Serbiya arasında siyasi, iqtisadi və humanitar əlaqələrin uğurla inkişaf etdiyi bildirərək, beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə arasında sıx təmasların olduğunu diqqətə çatdırdı.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar haqqında məlumat verən nazir güc tətbiq edərək, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğuladı. O, əlavə etdi ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və işğal faktına son qoyulmalıdır.
Görüşdə ATƏT-in gündəliyində duran aktual məsələlər ətrafında müzakirələr aparıldı.