Birinci Avropa Oyunlarının ilk dəfə olaraq paytaxtımızda keçirilməsinə sayılı günlər qalıb. Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bu idman yarışı ilə bağlı cəmiyyətin bütün təbəqələri hazırlıq işində yaxından iştirak edir.
Birinci Avropa Oyunlarının ölkəmiz üçün vacibliyini qeyd edən “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib ki, Azərbaycan bu tarixi hadisənin astanasındadır. Onun sözlərinə görə, Birinci Avropa Oyunlarının ilk dəfə məhz Bakıda keçirilməsi Azərbaycanın tarixində çox əlamətdar hadisədir: “Avropa oyunlarını təşkil etmək və keçirmək Azərbaycan üçün həm şərəfli, həm də məsuliyyətlidir. Nəzərə alsaq ki, bunun üçün cəmi 2 ildən artıq bir müddət verilmişdi, belə bir məqamda bu məsuliyyət ikiqat artır.
Şübhəsiz ki, dünya dövlətləri bizi tanıyır və Cənubi Qafqaz regionunda aparıcı dövlət kimi bizimlə hesablaşır. Lakin ilk Avropa oyunlarının məhz bizim ölkədə keçirilməsi Azərbaycanı bütün dünyaya beynəlxalq səviyyəli idman məkanı kimi tanıdacaq.
İkincisi, son 5 ildə müxtəlif beynəlxalq tədbir və müsabiqə, o cümlədən Avropa dövlətlərinin hər il böyük həvəslə iştirak etdiyi “Avroviziya-2013" və s. möhtəşəm tədbirlərin Bakıda keçirilməsi ölkəmizdə turizmin inkişafı üçün çox gözəl imkanlar yaradır. Turizm infrastrukturunu inkişaf etdirərək dünya turizm məkanına uğurla inteqrasiya olunan, bu sahədə beynəlxalq əlaqələrini genişləndirən Azərbaycan üçün bu kimi möhtəşəm tədbirlərin təşkili və ölkəmizdə keçirilməsi zəruri və təqdirəlayiqdir.
Və nəhayət, üçüncü və bizim üçün ən önəmli faktor - ölkəmizin beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübə əldə etməsi və idman infrastrukturunun inkişafıdır. Son illər idmanla məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı artır və iyun ayında Bakıda baş tutacaq Avropa yay oyunları gənclərin qarşısında yeni perspektivlər və imkanlar açır".
İ.Yaqubovanın sözlərinə görə, Azərbaycana qarşı ikili standartlar tətbiq olunur, ölkəmizi daim təzyiq altında saxlamaq istəyən xarici ermənipərəst qüvvələr məhz Birinci Avropa Oyunları ərəfəsində güclərini səfərbər edərək Azərbaycana diktə etmək istəyir: “Amma bütün bunlara baxmayaraq biz, vətəndaş cəmiyyətinin nümayəndələri tam əminliklə deyə bilərik ki, Azərbaycan bu yarışa ev sahibliyini uğurla həyata keçirəcək və bu yolda biz dövlətimizin arxasındayıq”.
“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli deyib ki, dünya əhəmiyyətli belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin tanınması baxımından çox vacib amildir. Onun sözlərinə görə, Birinci Avropa Oyunlarının ilk dəfə və Bakıda keçirilməsi tarixi bir hadisədir: “Çünki məhz bu idman yarışları ərəfəsində ölkəmizə xaricdən, xüsusilə, Avropanın bütün dövlətlərindən idmançılar, jurnalistlər, eləcə də, turistlərin gəlməsi Azərbaycanın əldə etdiyi uğurlar və müsbət imicinin formalaşdırılması üçün böyük əhəmiyyətə malikdir. Dost olmayan ölkələrin Azərbaycanla bağlı apardığı qara piar kampaniyasına qarşı əks mübarizə baxımından bu idman yarışı mühüm rola malikdir”.
Ə.Abbasbəyli qeyd edib ki, Avropa Oyunları tarixdə ilk dəfə keçirilən tədbirdir və hər zaman bu Oyunlardan bəhs edərkən Azərbaycanın adı çəkiləcək, araşdırmalarda xüsusi qeyd olunacaq: “Dünyanın indiki durumunda, bizə qısqanclıqla yanaşan və türk dünyasına olan təzyiqlərin fonunda Azərbaycan özünün həm potensialını, həm inkişafını, həm də ölkəmizə gələcək insanlara münasibətini sərgiləməklə məhz bu oyunlar ərəfəsində bütün bu iftiraları yalanlaq, onların böhtan olduğunu sübut etmək imkanı qazanır. Belə bir məsələdə hər bir ölkə vətəndaşının rolu vacibdir. İstər dövlət qurumları, istər vətəndaş cəmiyyəti institutları, istərsə də sadə vətəndaşlarımız əlindən gələni əsirgəməməlidir”.
BƏXTİYAR