“I Avropa Oyunları yaxınlaşdıqca bu oyunların Azərbaycanda keçirilməsi ilə bağlı istər daxili, istərsə də xarici mətbuatda, ictimaiyyət arasında müxtəlif yönümlü fikirlər səslənməkdədir. Təbii ki, Azərbaycanın dünyada tutduğu mövqeyə görə rəqiblərimizin bu oyunlar haqqında dedikləri başa düşüləndir və heç onlardan yaxşı nə isə gözləmək sadəlöhvlük olardı”.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, ölkə daxilində də bəzi insanlarda mövzu qıtlığından istifadə edərək “fürsətdən yararlanmaq” istəyirlər: “Bu oyunların Azərbaycanda keçirilməsini alqışlayanlar da bunun ölkəmizə verəcəyi töhfələrdən çox danışırlar. İlk növbədə onu qeyd edim ki, bu oyunların Azərbaycanda keçirilməsi təşəbbüsü və onun reallaşmasının banisi Prezident İlham Əliyevdir və bu idman yarışı yüksək səviyyədə təşkil olunub, uğurla da keçiriləcək. Azərbaycan bu oyunlardan nə qazanacaq? Məncə bir çox strateji əhəmiyyətli sahələrdə qazancımız gözləniləndir. Düzdür bu oyunların keçirilməsi müəyyən maliyyə vəsaiti tələb etsə də, gözlənilən uğurun nəticəsində hesab edirəm ki, bu elə böyük əhəmiyyət kəsb etməyəcək. Dünyaya sübut edəcəyik ki, cəmi 24 il müstəqillik əldə etmiş dövlət olsaq da, bu cür böyük idman yarışını keçirməyə qadirik. Millət olaraq hansı potensiala malik olduğumuzu ortaya qoyaraq özümüzü təsdiq və dünya dövlətləri içərisində yerimzi müəyyənləşdirmiş olduq. 27 il müharibə şəraitində olmağımıza baxmayaraq, güclü iqtisadiyyat qura bildik və inkişaf etmiş ölkələr sırasına daxil olmağı bacardıq.
Dünyada tarix boyu müharibə şəraitində heç bir dövlətdə inkişaf haqqında düşüncə belə olmayıb. Ancaq Azərbaycanda müharibə, bir milyon qaçqın və məcburi köçkün olmasına baxmayaraq, eyni zamanda yüksək iqtisadi inkişafa nail oa bildik. Deyərdim ki, Azərbaycan bununla həm də yeni bir iqtisadi inkişafın modelini ortaya qoymuş oldu. Ona görə də bəzi Qərb dairələrinin indidən narahatlığı başa düşüləndir, miflər sınır, dünənə qədər əzilən məhv edilən xalqlar dirçəlir. I Avropa Oyunlarının ən böyük uğuru isə Qarabağ probleminin həlli olacaqdır. Bu oyunların Azərbaycanda keçirilməsi və yüksək nailiyyət Qarabağın azad olunmasının açarıdır. Mən bunu inamla deyirəm. Mənfur düşmənin bizi dünyaya vəhşi, mədəniyyətsiz xalq kimi tanıtması siyasəti iflasa uğrayacaq dünya bizim yüksək mədəniyyətimizi, intellektimizi, bacarığımızı görəcək. Məhz bu oyunlardan sonra Qarabağda bizim aparacağımız azadetmə əməliyyatının uğurunu görürəm. Prezidentimizin Qarabağı azad etmək yolunda uzaqgörənliklə atdığı bu addım bizi doğma Şuşamıza, Xankəndinə və digər işğal olunmuş torpaqların azadlığına aparacaq.
İnanıram ki, bu oyunlarda qazanacağımız uğurdan sonra bu fürsətdən yararlanacaq, ərazi bütövlüyümüzü bərpa edəcəyik”.
BƏXTİYAR