7 May 2015 22:15
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda yollar çəkilir, yeni nəqliyyat dəhlizləri açılır. Azərbaycanın yeni yollar çəkməsi dünyaya sülh çağırışıdır. Çox təəssüf ki, biz bu niyyəti Ermənistandan görmürük”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri İpək Yolu İqtisadi Kəməri kontekstində” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Ə.Həbibbəyli Ermənistanın 20 ildən çoxdur ki, tarixi və əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal altında saxladığını diqqətə çatdırıb.

Bildirilib ki, işğalçılıq siyasətini davam etdirən Ermənistan heç bir beynəlxalq hüquq normalarına məhəl qoymur. Bu, ilk növbədə erməni xalqına da böyük bəlalar gətirir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan hökumətinin işğalçı siyasəti erməni xalqını da pis vəziyyətdə qoyur, Ermənistanın böyük layihələrdən kənarda qalmasına gətirib çıxarır. Azərbaycan isə hər ötən gün iqtisadi qüdrətini artırır, inkişaf edir.

Daha sonra İpək Yolu İqtisadi Kəməri layihəsindən danışan Ə.Həbibbəyli qeyd edib ki, bu, dünyaya yeni Çini təqdim edən ilk meqalayihədir. Hələlik dünyanın müxtəlif ölkələrində Çinin bu təşəbbüsü öyrənilir və fərqli fikirlər mövcuddur. Odur ki, xarici ekspertlərin, beyin mərkəzləri nümayəndələrinin iştirakı ilə Azərbaycanda bu mövzuda beynəlxalq konfransın keçirilməsi diqqətə layiqdir. Böyük iqtisadi arealı əhatə edən Mərkəzi Asiya-Avropa marşrutunda Qafqaz regionunun, xüsusən də Azərbaycanın özünəməxsus yeri var. Ölkəmiz bu nəqliyyat dəhlizinə öz töhfəsini verməyə çalışır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti artıq yaxın müddətdə istifadəyə veriləcək. Bu dəmir yolu xətti Şərq-Qərb nəqliyyat dəhlizində mühüm halqa olacaq. Azərbaycan bu layihəni öz gücünə, tərəfdaşları ilə bərabər heç bir xarici donorun yardımı olmadan həyata keçirir. Öz öhdəlikləri ilə bərabər, Gürcüstana da kredit verməklə dünyaya donor Azərbaycanı təqdim edir. Prezidenti İlham Əliyevin dediyi kimi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi yeni “dəmir İpək Yolu” olacaq.

“İpək Yolu İqtisadi Kəmərinin reallaşmasının qarşılaşdığı çağırışlara qarşı mübarizədə regional siyasi əməkdaşlığın gücləndirilməsi” adlı birinci panelin moderatoru olan Yeni Azərbaycan Partiyasının üzvü, politoloq Tamerlan Vahabov layihənin əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, bu layihə təkcə Azərbaycan üçün deyil, layihəyə qoşulan digər ölkələr üçün də faydalıdır. “Son dərəcə əhəmiyyətli olan bu layihə iqtisadi sahədə əməkdaşlığın inkişafına öz töhfələrini verəcək, Azərbaycana və regiona əlavə dividentlər gətirəcək. Layihəyə qoşulan ölkələr üçün müsbət dəyişikliklər yaranacaq. Eyni zamanda layihə regionun təhlükəsizliyi baxımından da çox önəmlidir” – deyə politoloq vurğulayıb.

Avropa və Asiya məkanı üçün böyük əhəmiyyətə malik layihənin üstünlüklərindən danışan Tamerlan Vahabov bildirib ki, o, Çindən, Hindistandan və digər Asiya ölkələrindən malların daşınmasında, gətirilməsində mühüm rol oynayacaq.

Paneldə xüsusilə təhlükəsizlik məsələləri önə çəkilib, siyasi-iqtisadi çağırışlar ətrafında müzakirələr aparılıb.


Müəllif:

Oxşar xəbərlər