Azərbaycan Türkiyə ilə Almaniyanın ATƏT Minsk qrupunun həmsədrliyinə cəlb olunmasının tərəfdarıdır və bununla bağlı mövqeyini də açıq şəkildə ortaya qoyub.
Bunu Gün.Az-a açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova dilə gətirib.
“Əslinə Minsk qrupunun özünün hazırkı formatı ona müəyyən imkanlar verir ki, bu prosesdə, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həll edilməsi prosesində ciddi vasitəçi rolunu üzərinə götürsün və konkret nəticələr əldə etsin. Amma bu və ya digər səbəbdən o, bu imkanlarından istifadə etmir” - deyən vitse-spikerin sözlərinə görə, elə Azərbaycan tərəfi də daim bu istiqamətdə müxtəlif təklifər irəli sürüb.
“Məsələn, Minsk konfransına daxil olan ölkələrin imkanlarından istifadə etmək olar. Eyni zamanda, yuxarıda da dediyim kimi, biz Almaniya ilə Türkiyənin Minsk qrupunun həmsədrliyinə cəlb olunmasını təklif etmişik.
Hətta, ATƏT-in Parlament Assambleyasının sonuncu qış sessiyasında təkilf irəli sürmüşük ki, Almaniya və Türkiyə daxil olmaqla beşlər formatı, beşlik institutu yaransın və onlar bu prosesə öz töhfələrini versinlər.
Amma çox təəssüflər olsun ki, hələlik bununla bağlı ciddi addımlar atılmır, hansısa müzakirələr getmir. Bununla belə, biz yenə də öz mövqeyimizdə qalırıq, qalacağıq və israrlı şəkildə bu prosesin irəliyə aparılmasına çalışacağıq” - deyə, B.Muradova daha sonra sözlərinə əlavə edib.