8 May 2015 14:50
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya bayrağı Ermənistan bayrağından yüksəkdə dalğalanır

Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə bir qrup azərbaycanlı jurnalistin Ərzurum, Qars və İqdır vilayətinə səfəri davam edir.

Artıq jurnalist qrupu Ərzurum görüşlərini başa çatdıraraq Qarsa gəlib.

Qars Türkiyənin erməni zülmündən ən çox əzab çəkən şəhərlərindən biridir. Qarsa gələn jurnalist qrupu burada 1992-ci ildə qurulan Qafqaz Universitetində olub.

Məlumat üçün deyək ki, universitetin 16 mindən çox tələbəsi var. Onlardan 560-ı xaricdən gələnlərdir. Onların arasında azərbaycanlı tələbələr çoxluq təşkil edir. Həmçinin Türkmənistan və digər dövlətlərdən olan tələbələr də var. Qars Qafqaz Dövlət Universiteti Türkiyədə olan 180 universitet arasında 63-cü sırada qərarlaşıb.

Rektor Sami Özcan: “Gerçək soyqırımı türklərə qarşı törədilib”

Azərbaycanlı jurnalistlərlə görüşən universitetin rektoru, professor Sami Özcan bildirib ki, bu təhsil ocağına 2010-cu ildən etibarən rəhbərlik edir. Onun sözlərinə görə, Qars ermənilərin türklərə qarşı törətdiyi qətliamlara bilavasitə şahidlik edib: “Osmanlı zamanı ən yaxşı yaşayan millət ermənilər olub. Ermənilər hərbi xidmətə aparılmayıb, onlardan vergi alınmayıb. Ancaq buna baxmayaraq Osmanlının ən ağır dönəmlərində ona arxadan zərbə endirməyə başlayıb. Ancaq bu gün dünyada bəzi ölkələr və qurumlar saxta ”erməni soyqırımı" haqqında danışır. 1992-ci ildə Xocalıda baş verən soyqırımı, Bosniyada yaşanan qətliamları görməyənlər sözdə erməni “soyqırımı” haqqında çox ürəklə danışır, iddialar irəli sürürlər. Mən tarixçi deyiləm. Ancaq Türkiyə və Azərbaycan tarixçiləri, eləcə də, Avropada yaşayan və ədalətli araşdırma aparan tarixçilər ciddi tarixi faktlara söykənərək bəyan edirlər ki, bu ərazilərdə gerçək soyqırımı türklərə qarşı törədilib. Qarsda toplu məzarlıqlar var. Buna hər kəs şahiddir".


Bələdiyyə başqanı: “Mən azərbaycanlıyam”

Səfər zamanı Qars bələdiyyə başqanı Murtaza Karaçanta ilə də geniş bir görüş keçirildi. Azərbaycanlı jurnalistləri ayaq üstə qarşılayan Karaçanta Azərbaycan kökənli olduğunu, babalarının Qərbi Azərbaycandan Qarsa köçdüyünü bildirdi. Qeyd etdi ki, bu günə qədər dəfələrlə Bakıda olub:
“Bakıda, Sumqayıtda, Mingəçevirdə mənim qohumlarım yaşayır. Sovetlər zamanı onları tapmaq, görüşmək mümkün deyildi. Azərbaycan müstəqillik əldə etdikdən sonra oraya gedərək bütün qohumlarımı tapdım. Ustad şair Bəxtiyar Vahabzadənin doğulduğu Şəkiyə getdim”.

Bələdiyyə başqanı bildirdi ki, Qars əhalisinin yarıdan çoxu Azərbaycan kökənli insanlardır və onların çoxu adət-ənənələrini saxlayıblar: “Türkiyənin harasında qarşınıza Azərbaycan kökənli bir insan çıxarsa, bilin ki, həmin şəxs Qarsdan gedib”.

Millətçi Hərəkat Partiyasından olan bələdiyyə başqanı Qarsın strateji əhəmiyyətinə toxundu, eləcə də, Azərbaycanın Türkiyə, Türkiyənin isə Azərbaycan üçün vacib ölkə olduğunu vurğuladı. Görüş zamanı bələdiyyə başqanı Ermənistanla sərhəd qapısının açılmayacağını jurnalistlərin diqqətinə çatdırdı: “Qarsda Azərbaycan, Dağlıq Qarabağ probleminə həssas yanaşma var. Bu gün məni ziyarət etməklə çox duyğulandırdınız, gözəl hisslər yaşatdınız. Azərbaycana salamlarımı çatdırın”.

Qars valiliyi: “Ermənistanla sərhəd bağlıdır”

Qarsda olan jurnalist qrupu valilikdə də oldu. Türkiyənin baş naziri Əhməd Davudoğlunun seçki kampaniyası çərçivəsində bölgəyə səfəri başladığı səbəbindən vali Günay Özdəmir baş naziri müşayiət edir. Bu səbəbdən bizimlə valinin köməkçisi görüşdü. Valinin adından jurnalistləri salamlayan köməkçi Ermənistanla sərhədin bağlı olduğunu deyərək, onun açılmasının mümkünsüzlüyünü dilə gətirdi.

Jurnalist qrupu Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanlı ilə də görüşdü.

Baş konsul jurnalistlərə konsulluğun fəaliyyəti haqqında məlumat verdi, bildirdi ki, Baş Konsulluğun fəaliyyəti Türkiyənin 17 vilayətini əhatə edir. Söhbət zamanı diplomat qeyd etdi ki, Qarsda 200-ə qədər azərbaycanlı tələbə təhsil alır. Ayxan Süleymanlı səmimi söhbət zamanı dedi ki, burada yaşayan və işləyən Azərbaycan vətəndaşlarının problemləri ilə yaxından maraqlanır və çətinliklər yaranan zaman onun həlli üçün addımlar atılır.

Ani xarabalıqları

Jurnalistlərin ziyarət etdiyi növbəti məkan Qarsdan 50 kilometr aralıda, Ermənistanla sərhəddə yerləşən qədim Ani şəhəri oldu.

Ocaqlı kəndində yerləşən bu qədim şəhər qalıqları turistlərin tez-tez ziyarət etdiyi məkanlardandır. Türkiyə-Ermənistan sərhədində, Arpaçay kənarında yerləşən bu qədim şəhər orta əsrlərdə mövcud olub. Ani Anadoluya İpək Yolu üzərindən girişdə ilk şəhər sayılır. Şəhəri Səlcuq sultanı Alp Arslan 1064-cü ildə fəth edib. Bu faktı sübuta yetirən 4 sətirlik kitabə mövcuddur.

Bu gün 78 hektar ərazisi olan Anidə məscid, kilsə, hamam, saray, karvansara, körpü, bazar qalıqları və.s var. Ani güclü zəlzələ nəticəsində yerlə yeksan olub, şəhər bütünlüklə batıb. Sadəcə, böyük tikintilər bu günümüzdə qalmaqdadır. Burada Fəthiyyə məscidi, Keçəl kilsəsi, Qaqik kilsəsi, Poladoğlu kilsəsi, Tiqran Honents kilsəsi, Gənc qızlar kilsəsi, Rahibələr monastırı, Əbul Mönücöhr məscidi, Əbul Muammeran məscidi, Səlcuq sarayı İpək Yolu körpüsü və yaşayış evlərinin xarabalıqları mövcudluğunu saxlayır. Zəlzələ nəticəsində batan şəhərin qalıqları tam olaraq üzə çıxarılmayıb. Qədim şəhərin bələdçisi bildirdi ki, ən sonuncu, 1957-ci ildəki zəlzələdə buradakı abidələrdən yenə də qopmalar olub. Bələdçinin sözlərinə görə, hər il universitetlərin tələbələri burada arxeoloji qazıntılar aparıb yerin altındakı obyektləri üzə çıxarırlar. Bələdçi onu da vurğulayıb ki, Ani şəhəri UNESCO tərəfindən qorunur.

Ermənistanla 100 metrlik sərhəddə

Bu qədim məskəndə olarkən diqqətimizi Ermənistan tərəfdə daş çıxarılması cəlb etdi. Türkiyə ilə sərhəddən, Anidən təxminən 100 metr aralıda, düşmən ölkə ərazisindən daş çıxarır. Çıxan bu daşlar Anidəki qədim kilsələrin tikintisində istifadə olunan daşdan olduğu üçün, onlar bunu çıxarıb İrəvana aparırlar. Həmin daşlardan İrəvanda süni Ani şəhəri yaradılır. Məlumatlara görə, artıq bu işlərə başlanılıb. Bələdçi qeyd etdi ki, ermənilər həmişə olduğu kimi bu dəfə də iftiraya əl ataraq, Aninin onlara mənsub olduğunu iddia edirlər. Dolayısı ilə Qars ərazisinin də onların olduğunu isbatlamaq istəyirlər. Tarixçilər isə bildirirlər ki, ermənilər Anidə yaşayıblar. Amma yaşamaqları, orada kilsələrin olması o demək deyil ki, Ani onların olub. Sadəcə, oradakı ermənilərin ayinlərini yerinə yetirməsi üçün orta əsrlərdə türklər şərait yaradıblar. Orada təkcə erməni deyil, gürcü kilsələrinin də mövcudluğu, həmçinin məscidlərin olması bunu sübuta yetirir ki, Ani ermənilərə məxsus deyil. Qədim şəhər qalıqlarında gəzərkən maraqlı faktla da rastlaşdıq. Buradan Ermənistanın sərhəd əsgəri məntəqəsi aydın şəkildə görünür. Sərhəd məntəqəsində iki bayrağın, Rusiya və Ermənistan bayrağının dalğalanması düşmən ölkənin maşa olduğunu göstərir. Ermənistan sərhədlərinin rus əsgərləri tərəfindən qorunduğu haqqında zaman-zaman mətbuatımızda yazılıb. Bu, ermənilər tərəfindən inkar edilsə də, Türkiyə ilə sərhəd məntəqədə Rusiya bayrağının Ermənistan bayrağından daha yüksəkdə dayandığını əyani şəkildə gördük. Bu isə bir daha onu göstərir ki, Ermənistan Rusiyanın forpostu funksiyasını yerinə yetirməkdədir.

NEMƏT ORUCOV
QARS


Müəllif:

Oxşar xəbərlər