Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə mayın 9-da Moskvada keçirilən bayram tədbirlərində iştirak ediblər.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Kremldə Rusiya Prezidenti Vladimir Putin qarşılayıb.
Paraddan əvvəl Rusiya dövlətinin başçısı çıxış edərək Qələbənin 70 illiyi münasibətilə tədbir iştirakçılarına təbrik ünvanlayıb. Dövlət başçısı bu müharibədə şücaət göstərərək həlak olan müxtəlif xalqların nümayəndələrinin xatirəsinin daim uca tutulacağını söyləyib.
Böyük Vətən müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra hərbi parad keçirilib. Parada Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları da qatılıb. Mayor Mehdi Mahmudovun rəhbərliyi ilə 70 Azərbaycan hərbçisindən ibarət parad heyəti Qırmzı Meydanda tribunalar qarşısından keçib.
Paradı dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, müharibə veteranları izləyiblər. Qırmzı Meydanda keçirilən hərbi paradda 16 mindən artıq hərbi qulluqçu, müxtəlif hərbi texnika, təyyarə və helikopterlər iştirak edib.
Böyük Vətən müharibəsində 700 mindən çox Azərbaycan vətəndaşı cəbhənin müxtəlif istiqamətlərində döyüşüb. Onların 300 mindən çoxu həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
Qələbəyə Bakı neftinin töhfəsi əvəzsiz olub. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü. Döyüşlərdə iştirak edən tank və təyyarələrin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Əgər Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini demək çətin olardı. Bütün bunlara görə İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq.
Hərbi paraddan sonra dövlət və hökumət başçıları adından Kremlin divarı yanında, Aleksandr bağında Naməlum əsgərin məzarı önünə əklil və güllər qoyuldu.
Ali qonaqlar Kremlin önündə xatirə şəkli çəkdirdilər.