22 May 2014 11:30
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan-2013” hərəkatı partiyaya çevriləcək.

Bu barədə hərəkatın təsisçisi, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Publika.Az-aaçıqlamasında deyib. Onun sözlərinə görə, hazırda bu məsələ üzərində müzakirə aparılır: “Lakin hərəkatın məhz partiyaya çevrilməsi fikrini hər kəs dəstəkləmir, müəyyən fikir ayrılığı var. Buna görə də hələlik birbaşa partiyaya çevrilmək qərarını vermirik. Əslində partiya olmağın elə bir əhəmiyyəti yoxdur. Bu, sırf hüquqi status baxımından lazımlıdır”.

Ə. Oruclu qeyd edib ki, müəyyən məqamlara aydınlıq gətirildikdən sonra fəaliyyət proqramını ortaya qoyacaqlar. O, yaxın aylarda, maksimum yayın sonuna qədər bununla bağlı qərar verəcəklərini bildirib.
Hərəkatın təsisçisi əlavə edib ki, onları digər siyasi partiyalarda, hərəkatlardan fərqləndirən əsas amil iqtisadiyyatı prioritet hesab etmələridir.

“Hesab edirik ki, bütün dəyişikliklərin, islahatların kökü iqtisadiyyatdan başlamalıdır. Əsas fərqimiz də bundadır. Azərbaycanda mövcud olan siyasi partiyaların, hərəkatların demək olar ki, mütləq əksəriyyəti iqtisadi məsələlərə prioritet kimi baxmır. Halbuki ki, iqtisadiyyat siyasəti, eləcə də ictimai münasibətləri, hüququ da müəyyənləşdirən amildir. Xarici siyasət prioritetimiz isə avroatlantik məkana inteqrasiyadır. Hesab etmirik ki, Azərbaycan Rusiya tərəfə meyllənməlidir. Bütün mövcud münaqişələri, istər cəmiyyət daxili, istərsə Azərbaycanın ərazi bütövlüyünün azad olunmasını sülh yolu ilə görürük. Bu da bizim əsas prioritetimizdən irəli gəlir. Çünki iqtisadiyyat güclü olanda silaha ehtiyac olmur. Ən güclü silah elə iqtisadiyyatdır”-deyə Ə. Oruclu vurğulayıb.


Müəllif: