Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, Müsavat Partiyasından çıxarılmış Qubad İbadoğlu partiyada son vaxtlar baş vermiş hadisələrə reaksiya verib.
Teleqraf.com xəbər verir ki, Qubad İbadoğlu özünün Facebook səhifəsində Müsavat Partiyası və ADR üzvlərinə müraciət edərək yazıb: “Uzaq Amerikadan Müsavat partiyasında baş verənləri ürək ağrısı ilə izləməkdəyəm. Partiyanı avtoritar üsullarla idarə edən bir qrup onların nizamnamədən kənar hərəkətlərinə etiraz bildirən üzvləri müxtəlif bəhanələrlə partiyadan uzaqlaşdırır, ünvanlarına hər cür yalan, böhtan yağdırır, bəzən hətta təhqirlərə də əl atırlar. Təbii ki, bu cür məsələlərdə müzakirələrdən kənarda qalmaq çətin olur. Gəlin unutmayaq ki, çox da uzaq olmayan zamanlarda Müsavat xalqın ümid yerinə çevrilmiş bir siyasi qüvvə olub”.
Q.İbadoğlu təəssüf hissi ilə qeyd edib ki, son qurultaydan sonra Müsavatda rəhbərliyi mənimsəyənlər şəxsi və qrup mənafeyinə xidmət edən səbatsız siyasət və səriştəsiz idarəçilyi ilə partiyanı ağır duruma salıblar: “Çox təəssüf ki, partiyanın indiki rəhbərliyi və onları müdafiə edən bir qrup səhvlərdən nəticə çıxarmaq, narazılıqları araşdırıb aradan qaldırmaq əvəzinə yalnış qərarları, uğursuz açıqlamaları və bu zaman istifadə etdikləri xoşagəlməz və təhqirəmiz ifadələri ilə sizləri yersiz müzakirələrə cəlb edirlər. Müzakirələr zamanı müşahidə etdiyim qarşılıqlı aşağılayıcı açıqlamalar, ittiham dolu yazışmalar, bəzən də təhqirlə müşaiyyət olunan ifadələr bir çoxları kimi mənə də xoş gəlmir və çox güman ki, cəmiyyətdə də yaxşı qarşılanmır. Bütün bunlar həm də ümumi demokratik dəyərlərə və mübarizəyə də zərbə vurur. Odur ki, Sizlərə - uzun illərin mübarizə dostlarına güvənərək xahiş edirəm ki, söz atışmalarını dayandırasınız, belə müzakirələr zamanı yolverilməz ifadələrdən, təhqiramız sözlərdən istifadə etməyəsiniz”.
Nərgiz