12 May 2015 17:55
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Türkiyə baş nazirinin müavini Əli Babacanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, spiker qonağı səmimi salamlayaraq, eyni soy kökünə, mədəniyyətə malik xalqlarımız arasında dostluq əlaqələrinin sarsılmaz olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri digər dövlətlər üçün də nümunə ola biləcək səviyyədədir: “Dövlət başçılarımızın qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə yüksəltmişdir. Ölkələrimiz arasında imzalanmış 200 sənəd münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir. 27 sənəd isə baxılmaq üzrədir”.

Söhbət zamanı Milli Məclis sədri qeyd edib ki, iqtisadi əlaqələrimiz də qürurvericidir: “Bu gün Türkiyədə 1300-dən çox Azərbaycan şirkəti, ölkəmizdə isə 2400-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir. Bu il Qarsda TAP qaz layihəsinin təməlqoyma mərasiminin keçirilməsi iqtisadi əməkdaşlığımızın yüksək səviyyədə olmasının əyani göstəricilərindəndir. Enerji sahəsindəki əməkdaşlığımız Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır”.

Parlamentlərarası əlaqələrdən söz açan spiker deputatlarımızın nüfuzlu beynəlxalq qurumlarda mütəmadi görüşlərini və prinsipial məsələlərdə eyni mövqedən çıxış etmələrini müsbət dəyərləndirib. Deyib ki, uydurma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı Forumdan şou düzəltmək istəyən ermənipərəst qüvvələr öz məqsədlərinə nail ola bilməyib. Bunun əvəzində türk ordusunun Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunmuş tədbir təntənəli şəkildə baş tutdu və dünya ictimaiyyətinin diqqətini cəlb etdi”.

Türkiyə baş nazirinin müavini Əli Babacan ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını bildirdi. Tarixən sarsılmaz təməllər üzərində qurulmuş dostluğumuzun bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə etdi. O, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığının bölgə üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Bildirildi ki, bu əməkdaşlıq bölgəyə əmin-amanlıq, firavanlıq gətirəcəkdir. Qonaq TAP və TANAP kimi iri qaz layihələrinin, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin reallaşması ilə hər iki ölkənin regionda nüfuzunun daha da artacağını söylədi.

Nemət


Müəllif:

Oxşar xəbərlər