12 May 2015 18:13
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Azərbaycanın Dostları Assambleyasının – AFAZ-ın sədri Ceyms Patrik Moranla görüşüb.

Teleqraf.com-un məlumatına görə, Səməd Seyidov qonağa ölkəmizin I Avropa Oyunları ərəfəsində olduğunu diqqətə çatdırıb. Azərbaycanda ABŞ-la hərtərəfli əlaqələrin inkişafına önəm verildiyini bildirən Seyidov hazırda beynəlxalq aləmdə gərgin vəziyyətin hökm sürdüyünü qeyd edərək dostluq və əməkdaşlığın möhkəmləndirilməsi vacibliyini bildirib.

Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə isə vurğulayıb ki, ABŞ hər zaman Azərbaycanın yanındadır və müstəqillikdən bəri ölkəmizi dəstəkləyib: “İkitərəfli əlaqələrimiz durmadan inkişaf edir. Azərbaycan bir çox sahələrdə, xüsusilə enerji təchizatı və terrorizmə qarşı mübarizə məsələlərində ABŞ-la əməkdaşlıq edir.

Söhbət zamanı Dağlıq Qarabağ probleminə, Ukraynadakı böhrana və beynəlxalq aləmdəki digər aktual məsələlərə toxunuldu.

Azərbaycanın Dostları Assambleyasının – AFAZ-ın sədri Ceyms Patrik Moran Azərbaycanda olmaqdan məmnunluq ifadə etdi. Bakıya ötən səfərlərini xatırlayaraq hər gəlişində böyük dəyişikliklərin şahidi olduğunu vurğuladı. Ölkəmizin coğrafi mövqeyini, potensialını, insan resurslarını dilə gətirərək Azərbaycana və Azərbaycan xalqına heyranlığını ifadə etdi. I Avropa Oyunlarının burada keçirilməsinin böyük əhəmiyyət daşıdığını dedi.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər, o cümlədən Azərbaycanın ABŞ-da təbliğatının genişləndirilməsi və daha yaxından tanıdılması istiqamətində AFAZ-ın görəcəyi işlər barədə fikir mübadiləsi aparıldı.

Nemət


Müəllif:

Oxşar xəbərlər