"ABŞ dövlət katibi Con Kerrinin Rusiya səfərində əsas məqsəd Kremlin Ukrayna ilə bağlı siyasətini yumuşaltmaq, əvəzində isə Qərbin Moskvaya yönəli sanksiyalarını daha da sərtləşdirməməkdir. Danışıqlarda ana xətt kimi ukraynalı əsir və girovların qaytarılması keçir".
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ dövlət katibi Con Kerrinin Rusiya səfərini şərh edərkən bildirib. Onun sözlərinə görə, Rusiya ukraynalı əsir və girovları qaytarmağa hazırdır: "Putin başa düşür ki, bu addımı ilə ölkəsinə qarşı sanksiyaları yüngülləşdirə biləcək. Kremlin Ukrayna ilə bağlı siyasətinin mərkəzində Krımın işğalını unutdurmağa yönəlib. Yəni əsirlər azad olunur, Ukraynanın şərqində sülh-əminamanlıq yaradılır, əvəzində Krım məsələsi müzakirə obyekti olmur".
Q.Hüseynliyə görə, Kerrinin Kreml səfəri Moskvanın şoxsaylı xahişlərindən sonra mümkün olub: "Əslində Kerri Rusiyaya səfər etmək istəmirdi. O, tələb edirdi ki, Rusiya Ukraynadan çıxsın, Krımdan əl çəksin. Amma bunlar olmadı. Görünür, Putin hansısa güzəştlərə razılıq verib. Yoxsa Kerri Moskvaya getməzdi. NATO ölkələri xarici işlər nazirlərinin Türkiyədə keçiriləcək görüşündən qabaq Kerrinin Lavrov və Putinlə müəyyən məsələləri aydınlaşdırması vacib idi. Yəqin ki, danışıqların nəticəsi Antaliya toplantısında müzakirə olunacaq və müvafiq qərarlar qəbul ediləcək. Görünür, NATO xarici işlər nazirlərinin toplantısında Rusiya əleyhinə qərar qəbul ediləcəyindən Putin xəbərdar olub. Bunu önləmək üçün Kerri Moskvaya dəvət olunub. Eyni zamanda hesab edirəm ki, Almaniya kansleri Angela Merkelin Rusiya səfərində bəzi məsələlər barədə razılıq əldə olunub və indi anlaşma Kerri ilə məsləhətləşdirilir. Qərb-Rusiya qarşıdurmasında əsas söz sahibi ABŞ-dır. Amerikanın icazəsi olmadan hansısa Qərb ölkəsi Rusiya qarşı sanksiyalardan imtina etməz".
Ayxan