Asim Mollazadə: “Azərbaycan əleyhinə kampaniyanın başında qlobal erməni şəbəkəsi dayanır”
“Son vaxtlar xarici mətbuatda Azərbaycana qarşı 4500-ə yaxın məqalə yazılıb. Bunlar təkcə ölkəmizdəki insan hüquqları ilə bağlı deyil. Harada Azərbaycanı ləkələmək imkanları varsa, ondan istifadə edirlər.” Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Milli Məclisdə I Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı aparılan kampaniyaya həsr olunmuş dinləmələr zamanı belə deyib. O qeyd edib ki, sözügedən kampaniyanın geniş vüsət almasına səbəb beynəlxalq səviyyəli yarışların Azərbaycanda keçirilməsidir. Millət vəkili Azərbaycan əleyhinə kampaniyanın başında qlobal erməni şəbəkəsinin dayandığını vurğulayıb: “Qərb ölkələrindən gələn qonaqlar Azərbaycandakı inkişafı görüb bu kampaniyanın yalanlar üzərində qurulduğunu başa düşürlər. Azərbaycan əleyhinə kampaniyanın başında isə beynəlxalq erməni təşkilatları və lobbiləri dayanır. Ukraynada baş verən proseslərdən sonra ermənilər anlayırlar ki, artıq Dağlıq Qarabağ problemi dünyaya açılmalıdır.”
Asim Mollazadə onu da deyib ki, Azərbaycan Avropada və ABŞ-da ciddi iş aparmalıdır. Ermənilər, onların buyruğu ilə işləyənlər dərhal ifşa edilməlidir.
Nemət