Bakıda “G-20: Türkiyənin sədrliyinin prioritetləri və Azərbaycanın yeni əməkdaşlıq imkanları” mövzusunda elmi-praktik konfrans keçirilib.
Teleqraf.com-un məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyev, Türkiyə Mərkəzi Bankının sədr müavini Mehmet Yörükoğlu və Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov iştirak edib.
Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun konfransda çıxışı zamanı bildirib ki, Azərbaycanın "Böyük İyirmilik"in tədbirinə dəvət olunması Türkiyə üçün təbii seçimdir: “Türkiyə tərəfindən “G-20” tədbirinə dəvət olunmuş Azərbaycan region üçün önəmli dövlətdir. Azərbaycan regiondakı təcrübəsini bu önəmli toplantıda paylaşacaq”.
Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyev isə Azərbaycan iqtisadiyyatı barədə ətraflı məlumat verib. Nazirlik rəsmisi qeyd edib ki, dünya bazarında neftin qiymətinin düşməsi fonunda ölkə iqtisadiyyatında neftdən asılılığın azaldılması üzrə tədbirlər görülür: “Ölkə iqtisadiyyatının gələcək inkişafında qeyri-neft sektorunun payı daha da artacaq. İnanırıq ki, Antalyada liderlərin zirvə toplantısına Türkiyə ən yaxşı şəkildə ev sahibliyi edəcək. Güman edirik ki, “G-20” tədbirlərində mühüm qərarlar qəbul ediləcək”.
Naibə