Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 24-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib.
BŞİH-nin mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumata görə, meriya Milli Şuraya mayın 23-də mitinq keçirməyi təklif edib.
Məlumatda deyilir: “Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasına “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmaqla 23 may 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verib”.
Mitinq təşkilatçılarından xahiş olunub ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət etsinlər. Bir daha qeyd olunub ki, gələcəkdə planlaşdırılan mitinqlərin şənbə günlərinə təyin olunması məqsədəuyğundur.