Azərbaycan Respublikası Prezidenti Ilham Əliyev İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında sərəncam imzalayıb.
Teleqraf.com-un məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında tibb təhsilinin təkmilləşdirilməsi və dünyanın nüfuzlu ali tibb məktəbləri ilə əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasının tibb təhsili müəssisələrində oxumaq istəyi respublikada tanınmış bir universitetin filialının yaradılması zərurətini meydana çıxarmışdır.
Prezident İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti rəhbərliyinin Bakı şəhərində universitetin filialının yaradılması ilə bağlı təklifini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması və onun maddi-texniki bazasının təşkili ilə bağlı məsələləri həll etməyi tapşırıb.
Sərəncama əsasən, NK 2015/2016-cı tədris ilindən başlayaraq İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətini təmin etmək məqsədi ilə dövlət sifarişi əsasında tələbə qəbulu planı üzrə yerlərin ayrılması ilə bağlı zəruri tədbirləri həyata keçirməlidir.