Prezident İlham Əliyev aprelin 7-də Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının açılışında iştirak etdi.
Azərbaycanın coğrafi cəhətdən olduqca əlverişli mövqedə yerləşməsi ölkəmizin dünyanın hava nəqliyyatı sistemindəki rolunu və yerini daha da gücləndirir. İndi Azərbaycanda yeni müasir hava limanları inşa olunur, mövcud aerovağzal kompleksləri isə dünya standartlarına uyğun, əsaslı şəkildə yenidən qurulur. Bu proses yalnız Bakı ilə məhdudlaşmır. Artıq Azərbaycanın bölgələrində də beynəlxalq hava limanları fəaliyyət göstərir. Təqdirəlayiq haldır ki, respublika ərazisində mövcud olan aeroportların maddi-texniki bazasının gücləndirilməsi, aerovağzalların fəaliyyətinin müasir səviyyəyə çatdırılması istiqamətində görülən işlər ardıcıl və sistemli xarakter almışdır. Naxçıvan beynəlxalq hava limanı üçün yeni inzibati binanın inşası da bu qəbildən olan layihələrdən biridir. Bu tədbirlər sürətli tərəqqi dövrünü yaşayan Azərbaycan mülki aviasiyasının inkişafına mühüm töhfələr verir.
Ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərən Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinin yüksək səviyyədə icra olunması Azərbaycanın aviasiyası sisteminin tamamilə yeni mərhələyə çıxmasına şərait yaratmışdır. Bu gün Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün regionlarda da müasir aerovağzal binalarının olması ölkəmizin iqtisadi qüdrətinin artdıqca sosial proqramların uğurla icra edilməsi üçün görülən məqsədyönlü işləri göstərir. Tam əminliklə söyləmək olar ki, Naxçıvan Beynəlxalq Hava Limanında yeni inzibati binanın istifadəyə verilməsi son illərdə ölkəmizdə mülki aviasiyanın inkişafı, bu sahədə işləyənlərin fəaliyyəti üçün daha yüksək şəraitin yaradılması istiqamətində görülən tədbirlərdəndir.
Dövlətimizin başçısı əvvəlcə Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində aeroportun fəaliyyətini daha da müasirləşdirmək və təhlükəsizliyi artırmaq məqsədilə alınan müxtəlif təyinatlı yeni maşın-mexanizmlərə baxdı.
Bildirildi ki, bu maşınların arasında təyyarə yanacağı daşıyan, yanacaqvuran, sərnişinlərin rahatlığı üçün nəzərdə tutulan avtobuslar, eləcə də sağlamlıq imkanları məhdud sərnişinləri hava gəmilərinə mindirmək və qarşılamaq üçün xüsusi avadanlıqla təchiz edilən maşınlar vardır. Yeni alınan avtotrap və avtokonveyerlər, qoşqular və təyyarədartıcısı, yük terminalı üçün avtoqaldırıcılar, təyyarə mühərrikini hava ilə işə salan aqreqat, hava gəmilərini buzlaşmaya qarşı hazırlayan və uçuş-enmə zolağını qardan və buzdan təmizləmək üçün nəzərdə tutulan maşınlar da yüksək texniki göstəricilərə malikdir. Burada yaradılan şərait və ən son texnoloji nailiyyətlərin tətbiqi sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verir.
Sonra Prezident İlham Əliyev inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Prezident İlham Əliyevə məlumat verdilər ki, inşasına ötən ilin martında başlanılan bina ən müasir səviyyədə tikilib. Burada işçilərin səmərəli fəaliyyəti üçün geniş imkanlar vardır. Ümumilikdə 53 iş otağının yerləşdiyi yeni binada, həmçinin hava gəmilərinə texniki xidmət sahəsi, daşımaların təşkili, aviasiya təhlükəsizliyi, hava hərəkətinin idarə edilməsi, aviasiya-metrologiya və digər aidiyyəti xidmətlər üçün hərtərəfli şərait vardır. Binada akt və konfrans zalları, həmçinin işçilərin xarici dillərə yiyələnmək üçün tədris otağı yaradılıb.
Qeyd edildi ki, bu binanın inşası hazırda fəaliyyət göstərən aerovağzal binasının yenidən qurulması və bərpası çərçivəsində həyata keçirilən layihədir. Belə ki, əvvəllər hava limanının binasında fəaliyyət göstərən idarə heyətinin üzvləri buraya köçürüləcək. Bu isə öz növbəsində Naxçıvan Beynəlxalq Hava Limanında birinci və ikinci mərtəbələrin gəliş və təyyarələrə minik zalları üçün ayrılmasına şərait yaradacaq. Aerovağzal binasının yenidən qurulması və bərpası çərçivəsində həyata keçirilən bu layihədə lift, eskalator və digər zəruri sistemlərin quraşdırılması nəzərdə tutulub. Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq ediləcək. Növbəti mərhələdə isə əvvəllər idarə heyətinin üzvlərinin yerləşdiyi ikinci mərtəbədən teleskopik traplar vasitəsilə hava gəmilərinə miniklər təşkil ediləcəkdir. Bununla da Naxçıvan Beynəlxalq Hava Limanında sərnişin daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də təyyarə uçuşlarının təhlükəsizliyini və aeroportun fəaliyyətini dünya standartlarına uyğunlaşdırmaq istiqamətində çox mühüm addım atılacaq.
Diqqətə çatdırıldı ki, aerovağzal binasının yenidən qurulması və bərpasında sonra aeroportun sərnişin dövriyyəsi saatda 450-500 nəfərə çatacaq. Bu isə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası hava limanının strateji yükünü daha artıracaq. Binanın istifadəyə verilməsi Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında özünəməxsus yeri ilə seçilir.