Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks Azərbaycan hakimiyyətinin insan haqları ilə bağlı siyasətini tənqid etməkdə davam edib və biri-birinə zidd olan fikirlər səsləndirib. Onun bu açıqlamasına cavab özünü çox gözlətməyib.
Milli Məclisin deputatı, Azərbaycanın Avropa Parlamentindəki nümayəndəsi Fuad Muradov Teleqraf.com-a açıqlamasında ona cavab olaraq bildirib ki, bütün bunlar onu göstərir ki, Azərbaycana qarşı şər, böhtan kampaniyası davam edir: “Mənim diqqətimi çəkən cənab Nils Mujnieksinin “mənim tərəfdaşlarım” fikrini işlətməsidir. Əgər komissar Avropa Şurasının insan hüquqları üzrə komissarlığı ifadəsini işlətsəydi, bu, başa düşülərdi. Belə çıxır ki, Nils Mujnieksinin Azərbaycanda öz siyası adamları var. Onun siyası dünyagörüşü nədən ibarətdir, siyasəti nəyə xidmət edir, buna diqqət etsək, görərik ki, onun azərbaycanlı ilə tərəfdaş olması mümkün deyil. Əslində komissar bu danışığı ilə özünün iç üzünü açıb.
Doğrudan da, Nils Mujnieks bu sözləri söyləyibsə, məntiqlə onun barəsində iki fikir yürütmək olar. Ya həqiqətən o idiotdur, ya da Azərbaycanın müstəqilliyinə qarşı olan qüvvələrin ön sırasında olanlardandır.
Biz Avropa Şurası daxil olmaqla bütün beynəlxalq qurumlar qarşısında öz doğma torpaqlarına, ata-babalarının qəbrini ziyatərə gedən məcburi köçkünlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girov götürülüb insanlığa sığmayan işgəncələrə məruz qaldığı barədə nəinki məlumat vermişik, onların azad olunması üçün dəfələrlə xahiş etmişik. Ermənistanın bütün beynəlxalq konvensiyaları pozuğunu diqqətə çatdırmışıq. Bu günə qədər onlardan biri, elə konkret olaraq Avropa Şurasının İnsan Hüquqları üzrə kommisarından bir reaksiya yoxdur. Bu da onu göstərir ki, belələrini insan hüquqlarının pozulması maraqlandırmır. Onlar yalnız öz məqsədləri naminə addımlar atırlar”.
Millət vəkili qeyd edib ki, burada təəccüblü bir şey yoxdur: “Birincisi, bu gün Ermənistanda da, Gürcüstanda da hakimiyyətə siyasi opponentlik edən qüvvələr həbsdədir. Demək Avropa Şurasının insan hüquqları üzrə komissarlığı üçün bu məsələ maraqlı deyil. Elə olsaydı, bu məqama da toxunardılar.
Bəli, Cənubi Qafqaz deyəndə yalnız Azərbaycan yada düşür. Bunun səbəbi çox sadə və hər kəs üçün aydın məsələdir. Çünki Azərbaycan bütün sahələr üzrə nəinki Cənubi Qafqazda liderdir, keçmış MDB məkanında öndə gedən ölkələr sırasındadır. Əsas isə odur ki, Azərbaycan xarici siyasətində yalnız milli maraqlara xidmət edən addımlar atır, ətraf amilləri, təzyiqləri nəzərə almır. Bu da görünür Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığının xoşuna gəlmir. Hesab edirəm ki, Azərbaycan düz yoldadır. Bizi bu yoldan heç bir qüvvə çəkindirə bilməz. Əminəm ki, yaxın zamanlarda Azərbaycana qarşı şər, böhtan kampaniyası aparanlar səhvlərini anlayacaqlar”.
BƏXTİYAR