Əli Orucov: “Fransanın sərgilədiyi bu cür xoşagəlməz və qəbuledilməzdir”
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin nümayəndəsi Bako Saakyan və onu müşayiət edən şəxslərin 17-19 may 2015-ci il tarixində Fransaya səfəri ilə əlaqədar Fransanın Azərbaycandakı səfiri Paskal Mönye mayın 20-də Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Xələf Xələfov tərəfindən Fransa səfirinə etiraz notası təqdim edilib. X. Xələfov tərəfindən bu kimi faktların, eləcə də Fransa Milli Məclisinin deputatlarının bu ilin 3 may tarixində qondarma rejimin “parlamenti”nə keçirilmiş “seçkilər”də müşahidəçi kimi iştirakının Azərbaycan ilə Fransa arasında inkişaf etməkdə olan dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna, eləcə də Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi mandatına uyğun gəlmədiyi və Ermənistan-Azərbaycan münaqişəsinin həllinə xələl gətirdiyi qeyd olunub. İkili standartların təzahürü kimi qiymətləndirilən bu kimi halların Azərbaycan ilə Fransa arasındakı münasibətlərin mövcud vəziyyətinə də mənfi təsir etdiyi diqqətə çatdırılıb.
Məsələ ilə bağlı münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib ki, Fransanın sərgilədiyi bu cür xoşagəlməz və qəbuledilməz mövqeyini tez-tez görürük: “Belə yanaşma BMT-nin 5 daimi üzvündən biri və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın beynəlxalq hüquq normalarına, BMT sənədlərinə, eləcə də üzərinə götürdüyü vasitəçilik missiyasına hörmətsizlikdir. Daşıdığı statuslara görə Fransa dünyada sülhün və təhlükəsizliyin qorunmasına daha çox məsuliyyət daşıyır. Lakin biz bunun tamam əksinin şahidi oluruq. Bako Saakyana qucaq açan Fransanın terrorizmə, separatizmə və cinayətkarlığa qarşı mübarizə apardığını elan etməsinə dərin şübhələr yaradır. Eləcə də, Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə ədalətli tənzimlənmsinə vasitəçi kimi oynadığı rol saxtalığını və qeyri–səmimiliyini bir daha əsaslandırır. Bununla rəsmi Paris demək istəyir ki, Cənubi Qafqazda münaqişə ocağının birdəfəli söndürülməsinə, regionda barişa və inkişafa maraqlı deyil. Hətta, buna əngəl törədir. Azərbaycan tərəfinin iradı və etirazı haqlıdır. Hesab edirəm ki, daha sərt addımlar atılmalı, hətta, Fransadakı səfirimiz məsləhətləşmələr üçün geri çağrılmalı idi. Ərazi və suverenliyimizə sayğı göstərməyənlərə qarşı cavab adekvat olmalıdır”.
Cavidan