Mehdi Mehdiyev: “Azərbaycan uğura imza atacaq”
Mirhəsən Həsənov: “Oyunların Azərbaycanda baş tutması hər birimizin qürur mənbəyi olmalıdır”
I Avropa Oyunlarına qısa vaxt qalmasına baxmayaraq, Azərbaycanda bu idman yarışlarına maraq günü-gündən artır. Bütün kateqoriyadan olan şəxslər Oyunların uğurla keçməsi üçün öz vətəndaş mövqeyini sərgiləyir.
“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev bildirib ki, I Avropa Oyunları Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, hər il Avropa Oyunları keçirildikdə Azərbaycanın, Bakının adı qeyd ediləcək: “Digər tərəfdən avropalılar bu Oyunlar çərçivəsində Azərbaycana gələcək, ölkəmizin inkişafını görəcək və bütün şahidi olduğu hər şey o insanlarda xoş təəssürat oyadacaq. İndiyədək idman yarışları ilə bağlı yüzdən artıq xarici kütləvi informasiya vasitələrində material dərc edilib, süjetlər verilib. Xarici telekanallarda göstərilən videoçarxlarda Azərbaycanın mədəniyyətindən, tarixindən, gözəlliyindən bəhs olunur”.
M.Mehdiyev deyib ki, I Avropa Oyunları həm də Azərbaycanda turizmin inkişafına təkan verəcək: “Belə ki, turistlərin ölkəmizə gəlişi turizm sektorunda, xidmət sahəsində təcrübənin artmasına səbəb olacaq. O cümlədən iqtisadi baxımdan böyük inkişaf olacaq, yeni investorlar Azərbaycana maraq göstərəcək.
Əsas məqam isə ondan ibarətdir ki, I Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün tikilən idman qurğuları, obyektlər Oyunlardan sonra xalqımızın istifadəsinə veriləcək. Bununla da daha çox gəncin idmanla məşğul olmasına şərait yaranacaq. Bu da gənc nəslin sağlam həyat tərzi sürməsinə gətirib çıxaracaq. Eyni zamanda, idman ölkəmizdə nə qədər çox inkişaf etsə, gənclərimiz nə qədər çox meyil göstərsə, gələcəkdə istənilən yarışlarda, olimpiya oyunlarında, turnirlərdə Azərbaycan daha çox medallar qazanacaq və bayrağımızın göylərə qaldırılmasına səbəb olacaq".
M.Mehdiyev qeyd edib ki, Azərbaycanı istəyənlər olduğu kimi, gözü götürməyən dövlətlər də var: “Xüsusilə, ölkəmizin iqtisadi inkişafı bəzi dövlətləri narahat edir. Düşmənlərimiz də bu dövlətlərin maraqlarından istifadə edərək Azərbaycana qarşı kampaniyalarda ”canfəşanlıq" edirlər. Amma əminəm ki, Azərbaycan hökuməti, dövlətin aidiyyatı qurumları həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində bəd niyyətli tamaşaçı qismində olan dövlətlərin bu istəkləri baş tutmayacaq. Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək. Necə ki, “Avroviziya” mahnı yarışması zamanı da bu kimi çıxışlar, hətta təxribat cəhdləri olurdu, lakin heç biri baş tutmadı. Əminəm ki, bu dəfə də Azərbaycana qarşı atılan addımlar uğursuz olacaq və ölkəmiz bu idman yarışı ilə bağlı uğura imza atacaq".
Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov bildirib ki, avropalıların təhlükəsizliyinin təmin edilməsində azərbaycanlı Çernobıl əlillərinin böyük rolu olub. Onun sözlərinə görə, vaxtilə Ukraynada Çernobıl faciəsinin qarşısının alınmasında 7 mindən çox azərbaycanlı yaxından iştirak edib: “Avropadakı bəzi qeyri-hökumət təşkilatlarının münasibətləri təəssüf hissi doğurur. Bəzi insanlar öz maraqları çərçivəsində I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı çıxışlar edirlər. Bu addım birinci dəfə deyil. Belə ki, bundan əvvəl keçirilən ”Avroviziya" musiqi yarışması, eləcə də, digər beynəlxalq əhəmiyyətli tədbirlər zamanı da bu qarayaxma kampaniyaları ilə qarşı-qarşıya qalmışıq. Əlbəttə ki, bir azərbaycanlı, Çernobıl əlilləri olaraq buna qarşı çıxmışıq".
M.Həsənov deyib ki, I Avropa Oyunları öz miqyasına görə bundan əvvəl keçirilən beynəlxalq tədbirlərdən dəfələrlə önəmlidir: “Eyni zamanda, bu, ölkəmiz, xalqımız üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dünyada gedən proseslərdən kənarda qalmayıb, bütün beynəlxalq tədbirlər də iştirak etməklə yanaşı, öz haqq səsimizi qaldırmışıq. İndiki məqamda belə bir beynəlxalq yarışın Azərbaycanda baş tutması hər birimizin qürur mənbəyi olmalıdır. Mədəniyyətimiz, tariximiz və bütövlükdə Azərbaycanın bu Oyunlar zamanı təbliğ edilməsi hər bir azərbaycanlı üçün vacib və önəmli məsələlərdən biridir. Çernobıl Əlilləri İttifaqının 7 mindən çox üzvü olub, onlardan 3 mini dünyasını dəyişib. Lakin dünyasını dəyişənlərin və digər Çernobıl əlillərinin ailələrinin üzvləri 50 minə yaxındır və onların hər biri bu idman yarışını dəstəkləyir. I Avropa Oyunlarının uğurla keçirilməsi üçün biz də öz üzərimizə düşən vətəndaş mövqeyimizi ortaya qoyacağıq”.
BƏXTİYAR