26 May 2015 11:22
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

On il bundan əvvəl Məhkəmə-Hüquq Şurasının yaradılmasının ölkəmizdə həyata keçirilən hüquq islahatlarının tərkib hissəsi olmaqla məhkəmə sisteminin inkişafına böyük töhfə verib. Ötən illər ərzində Məhkəmə-Hüquq Şurası məhkəmələrin fəaliyyətinin təmin olunmasında böyük rol oynayıb. Bu rol bu gün də artır. Məhkəmə-Hüquq Şurası haqqında qanunvericiliyə son illər ərzində edilmiş dəyişikliklər bu qurumun məhkəmə hakimiyyətinin özünüidarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı səlahiyyətlərini daha da genişləndirib. Nəticədə Şura məhkəmələr və hakimlərlə bağlı məsələlərin səmərəli həlli üçün əlavə hüquqi vasitələr əldə edib.

Teleqraf.com xəbər verir ki, bunu Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Məhkəmə-Hüquq Şurasının (MHŞ) üzvü Fuad Ələsgərov MHŞ-nin fəaliyyətinin 10 illiyinə həsr olunan “Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.

Şuranın on illik yubileyi münasibətilə dövlətimizin başçısı İlham Əliyevin konfrans iştirakçılarına təbriklərini çatdıran Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Məhkəmə-Hüquq Şurasının üzvü Fuad Ələsgərov “Məhkəmə-Hüquq Şurasının məhkəmə sisteminin fəaliyyətinin təmin edilməsində rolu” mövzusunda məruzə ilə çıxış edib.

Şöbə müdiri dövlət başçısının Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış məhkəmə-hüquq islahatlarının davam etdirilməsinə, məhkəmə sisteminin təkmilləşdirilməsinə və müasirləşməsinə böyük önəm verdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, bu islahatların həyata keçirilməsi prosesində inkişaf etmiş dövlətlərin təcrübəsi, ümumbəşəri demokratik prinsiplər, eyni zamanda, xalqımızın dövlətçilik tarixi, ənənələri rəhbər tutulur. Məhz bunun nəticəsində biz hüquqi dövlət quruculuğu işində böyük uğurlar əldə etmişik.

Fuad Ələsgərov Məhkəmə-Hüquq Şurasının öz fəaliyyətini ilk növbədə müstəqillik, qanunçuluq, şəffaflıq, yaxşı idarəçilik, qərəzsizlik və obyektivlik prinsipləri əsasında qurduğunu və bunun nəticəsində cəmiyyətimizdə nüfuz qazandığını bildirib. Vurğulayıb ki, Şuranın müxtəlif hakim vəzifələrinə təyin edilməsi üçün Azərbaycan Prezidentinə təklif etdiyi namizədlərin təsdiq olunması dövlətimizin başçısının Hakimlərin Seçki Komitəsinin və Məhkəmə-Hüquq Şurasının işinə etimadının göstəricisidir.

Şöbə müdiri bildirib ki, görülmüş işləri yüksək dəyərləndirən Prezident İlham Əliyev 2015-ci il 19 may tarixli sərəncamları ilə Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsinin fəaliyyətdə olan və sabiq üzvlərinin bir qrupunu “Vətənə xidmətə görə” ordeni, “Tərəqqi” medalı ilə təltif edib. Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin iki üzvünə isə “Əməkdar hüquqşünas” fəxri adı verib.

Fuad Ələsgərov deyib ki, Azərbaycan Prezidentinin Məhkəmə-Hüquq Şurasına göstərdiyi dəstək səmərəli və ədalətli məhkəmə sisteminin bu günün ən mühüm tələblərindən biri olması ilə bağlıdır: “Məhkəmələrin qəbul etdiyi qərarlar cəmiyyətimizin həyatının bir çox sahələrinə təsir göstərir. Bu baxımdan hakim korpusunun formalaşmasında, hakimlərin yüksək peşə hazırlığının və intizamının təmin edilməsində əsas rol oynayan Məhkəmə-Hüquq Şurasının üzvləri üzərinə düşən böyük məsuliyyəti hiss etməli və vəzifələrinin icrasına prinsipial yanaşmalıdırlar”.

Prezident Administrasiyasının rəsmisi Məhkəmə-Hüquq Şurası üzvlərinin bu işin öhdəsindən layiqincə gələcəklərinə və Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə fəaliyyətlərində yeni nailiyyətlər əldə edəcəklərinə əminliyini vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər