“Azərbaycan Respublikası daim dinlərin nüfuzuna xələl gətirilməsi və dini zəmində nifrətin alovlandırılmasına qarşı mübarizəyə çağırıb. Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olan terrorizmin bütün forma və təzahürlərini və kim tərəfindən, harada və nə məqsədlə törədilməsindən asılı olmayaraq, terrorçu əməlləri qınayır”.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri Şurasının 42-ci sessiyasında çıxışı zamanı deyib.
E.Məmmədyarov bildirib ki, multikulturalizm və tolerantlığın inkişafına davamlı töhfələrimizin tərkib hissəsi kimi mayın 18-19-da Bakı şəhərində Mədəniyyətlərarası Dialoq üzrə 3-cü Dünya Forumuna ev sahibliyi etməkdən məmnunluq duyduq: “Biz növbəti il ölkəmizdə BMT Sivilizasiyalar İttifaqının 7-ci Qlobal Forumuna ev sahibliyi etməkdən qürur duyuruq. Hamıya məlumdur ki, idman sosial əlaqələrin və şəbəkələrin gücləndirilməsi və sülhün, qardaşlığın, həmrəyliyin, qeyri-zorakılığın və tolerantlığın təşviqi üçün güclü alətdir. Bildiyiniz kimi, 2017-ci ildə Azərbaycanda İslam Həmrəylik Oyunları keçiriləcək və bizim üçün bu səpkidə olan tədbirə ev sahibliyi etmək böyük şərəf və məsuliyyətdir".
E.Məmmədyarov qeyd edib ki, dünyamızın və xüsusilə də müsəlman ölkələrinin hazırda qarşılaşdığı əsas çağırışları nəzərə alaraq, “Tolerantlığın gücləndirilməsi və terrorizmdən imtina edilməsinə ortaq baxış” haqqında sessiya çox aydın mesajlar çatdırmalı və İƏT çərçivəsində İslam dini haqqında məlumatlılığın artırılması üzrə səylərin gücləndirilməsi, eləcə də, müxtəlif dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın təşviqinə töhfə verməlidir: “Sonuncu iclasımızdan keçən dövr ərzində Pakistanın Peşəvər məktəbindəki qətliam, Nigeriyada Boko Haram qəddarlığı, Parisdə qəddar qətllər və İŞİD tərəfindən törədilən vəhşiliklər, həmçinin Səudiyyə Ərəbistanı Krallığındakı məsciddə baş vermiş son olaylar kimi kədərli və faciəli hadisələrin şahidi olmuşuq. Bu mənfur əməllərin icraçılarının dini təhrif edərək öz qeyri-insani məqsədləri üçün istifadə etmələri dərin təəssüf hissi doğurur. Nəticədə, bu əməllərin hamısı İslam dininin dünyanın bəzi hissələrində yanlış başa düşülməsinə gətirib çıxarır. İslam bütün etiqadların insanları arasında sülhü və qarşılıqlı anlaşmanı təşviq edən dindir və dini mənsubiyyətindən asılı olmayaraq istənilən insana qarşı zorakılıq və təcavüzün bütün formalarını qəti şəkildə qadağan edir”.
E.Məmmədyarov sonra vurğulayıb ki, Fələstindəki vəziyyət və Əl-Qüds Əl-Şərif məsələsi beynəlxalq ictimaiyyətdən vahid mövqenin olmasını tələb edir: “Biz İƏT Baş katibi və onun heyətinin bizi səylərimizi birləşdirməyə və Fələstin xalqına bütün zəruri dəstəyin göstərilməsi məqsədilə İƏT Nazirlər Əlaqə Qrupunun səfərlərinin təşkil etməyə yönəlmiş dəyərli işini yüksək qiymətləndiririk. Azərbaycan Hökuməti iki dövlət həllinin tərəfdarıdır və bir daha qardaş Fələstin xalqına sülhə və stabilliyə nail olmaq səylərində və paytaxtı Şərqi Qüds şəhəri olan müstəqil dövlətlərin yaradılmasında tam dəstəyini təsdiq edir”.
Nazir bildirib ki, Azərbaycan islam ümmətinə, İƏT üzv dövlətlərinə və İƏT Katibliyinə Azərbaycan ərazilərinin işğal edilməsinə, təcavüzə və zəbt edilmiş ərazilərdə məlum etnik təmizləməyə görə Ermənistanın qınanılmasındakı uzun müddətli davamlı mövqelərinə görə bir daha səmimi təşəkkürünü bildirir: “Biz BMT Təhlükəsizlik Şurasının, İƏT və digər beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarları ilə tələb olunduğu kimi İƏT üzv dövlətlərinin Ermənistan silahlı qüvvələrinin bizim bütün işğal edilmiş ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələbini yüksək qiymətləndiririk”.
E.Məmmədyarov qeyd edib ki, Azərbaycan sürətli iqtisadi inkişafın ardınca son illərdə inkişaf edən donor ölkəyə çevrilib: “2012-ci ildən bu yana milli donor institutu olan Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi İslam İnkişaf Bankı ilə strateji əməkdaşlıq çərçivəsində “Qarşısı alına bilən korluğa qarşı mübarizə ittifaqı” kampaniyası ilə bir sıra Afrika ölkələrində humanitar fəaliyyət göstərib. Nəticədə, kataraktadan əziyyət çəkən minlərlə insanda göz əməliyyatı həyata keçirilib”.