Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün iyunun 1-dən Fransanın paytaxtı Parisdə ikigünlük səfərdə olacaq.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, AŞPA-nın sədri Ann Brasörün də iştirak edəcəyi iclasda Rafael Hüseynov “Demokratik cəmiyyətlərdə dini azadlıqlar və birgəyaşayış” mövzusunda məruzəsini təqdim edəcək.
Digər məruzələrdə kiberterrorizmə və internet üzərindən hücumlara qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi zərurətindən bəhs ediləcək, rəqəmsal əsrdə intellektual mülkiyyətin qorunmasına diqqət yetiriləcək. Həmçinin media məsuliyyəti və etikası, ölkələrindən kənarda yaşayan icmaların təhsil və mədəni şəbəkələri, mədəniyyət və demokratiya məsələləri gündəmdə olacaq. Bundan başqa, antidopinq siyasəti yenidən nəzərdən keçiriləcək, insanlar arasında bərabərliyə və inteqrasiyaya nail olmaq üçün idmandan sosial cəlbetmə körpüsü kimi istifadə edilməsi məsələsinə baxılacaq.
Məruzələr ətrafında fikir mübadiləsindən sonra Komitədə bir sıra təşkilati məsələlər müzakirə olunacaq.