Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Respublikası Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İvitsa Daçiç ilə son görüşünü məmnunluqla xatırlayan dövlətimizin başçısı İlham Əliyev onun ATƏT-in sədri kimi ölkəmizə səfərinin önəmini qeyd etdi.
ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin və Baş nazir Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırdı. Serbiyalı qonaq Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının açılış mərasimində ölkəsinin Prezidentinin iştirak edəcəyini vurğuladı. Serbiyanın Baş naziri Aleksandr Vuçiçin bu yaxınlarda Azərbaycana səfərinə toxunan İvitsa Daçiç onun bu səfərdən çox məmnun qaldığını dedi.
Görüşdə Azərbaycan-ATƏT əməkdaşlığının perspektivləri, Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesi, təmas xəttində baş verən hadisələr, problemin həllinin uzadılması, münaqişənin həllinə yanaşmada ikili standartların mövcud olması və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin və Baş nazir Aleksandr Vuçiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiyanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.