“Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Dövlətini, xalqını sevən hər bir azərbaycanlı bu Oyunların ölkəmizdə keçirilməsindən qürur duyur”.
Bu fikirləri Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
F.İbrahimli bildirib ki, bu fakt Azərbaycanın Avropaya sürətlə inteqrasiya etdiyini göstərir. Onun sözlərinə görə, cəmiyyətimiz də Avropanın müsbət dəyərlərini əxz edir.
“Amma birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə mənfi münasibət bəsləyənlər, buna qısqanclıqla yanaşanlar da var. Bununla belə, Azərbaycanı sevməyən qüvvələr də bu Oyunların nə qədər əhəmiyyətli olduğunu etiraf edirlər. İlk Avropa Oyunları vasitəsilə Azərbaycan dünyada geniş təbliğ olunacaq. Ölkəmizə gələn xarici qonaqlar yüksək inkişafımızın şahidi olacaqlar, eyni zamanda, onlarda tariximiz, mədəniyyətimiz haqqında düşüncələr formalaşacaq. Həmçinin, bunun nəticəsində ölkəmiz haqqında bəzi dairələr tərəfindən yayılan saxta informasiyalar alt-üst olacaq”, - deyə F.İbrahimli vurğulayıb.
Səxavət