İqbal Məmmədov: “Bu tədbir sülhsevər və qonaqpərvər xalqımızı dünya ictimaiyyətinə tanıdacaq”
“Azərbaycan bu gün beynəlxalq tədbir iştirakçısından, bu tədbirlərə ev sahibliyi etmə səviyyəsinə gəlib. Təkcə 2012-ci ildə Avroviziya mahnı yarışmasının Bakı şəhərində keçirilən müsabiqəsinə nəzər salmaq haqlı olmaq üçün kifayət edər. Belə ki, ölkəmizdə keçirilən bu mötəbər tədbir, öz möhtəşəmliyi ilə bütün dünyanı heyrətə saldı.Ölkəmiz artıq mötəbər yarışlara, dünya səviyyəli tədbirlərə ev sahibliyi etməyə başlayıb. Birinci Avropa oyunlarının Azərbaycanda keçirilməsinə nail olmaq tarixi bir hadisədir. Çünki başqa qitə oyunlarından fərqli olaraq, bu oyunlar heç vaxt keçirilməmişdir. Bu tarixi nailiyyət cənab Prezidentimiz başda olmaqla Azərbaycan xalqınındır”.
Bunu Milli Məclisin deputatı İqbal Məmmədov deyib. Onun sözlərinə görə, ölkədə keçiriləcək bu tədbir, Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir:
“Burada 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir. Baş Assambleyada iştirakçıların arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Bütün bunları qeyd etməkdə məqsədim bu oyunların nə dərəcədə mötəbər bir tədbir olması və ölkəmizin aldığı yüksəs səs faizinin beynəlxalq aləmdə qazanmış olduğu nüfuzunu diqqətinizə çatdırmaqdır”.
Deputat deyib ki, belə mötəbər bir tədbirin Azərbaycanda, ümumiyyətlə hər hansı bir ölkədə keçirilməsinin əhəmiyyəti haqqında kitab yazmaq olar: “Amma mən yenə də qısaca bir-iki cümlə ilə qeyd edim. Bu gün dünyada silahlı müharibədən daha çox mədəniyyətlərarası müharibə təsirə malikdir və inkişaf etmiş dövlətlər arasında çox sürətlə aparılmaqdadır. Birinci Avropa oyunları, ölkəmizin hazırki dünya siyasətindəki rolu və mövqeyinə verəcəyi dəstək; müasir, demokratik və təhlükəsiz olduğunu bir daha təsdiqləmək; beynəlxalq arenada ölkəmizin xarici dövlət və təşkilatlarla əlaqəsini daha etibarlı etmək; sülhsevər və qonaqpərvər xalqımızı dünya ictimaiyyətinə tanıtmaq və s. baxımından olduqca əhəmiyyətlidir”.
Cavidan