Hikmət Hacıyev: “Bu şəxslər Avropa Oyunları ərəfəsində bəzi dairələrin sifarişi ilə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib elementi kimi fəaliyyət göstərirlər”
“Bu şəxslər təmsil etdikləri təşkilatların statusundan sui-istifadə edərək, Azərbaycana qarşı Avropa Oyunları ərəfəsində bəzi dairələr tərəfindən sifarişli əsasda aparılan qarayaxma kampaniyasının tərkib elementi kimi fəaliyyət göstərirlər”. Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Nils Muzinieks (Avropa Şurası), Mişel Forst (BMT-nin məruzəçisi) və Dunya Miyatoviçin (ATƏT) “Opendemocracy” internet portalında 3 iyun tarixində dərc edilmiş məqaləsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu əməlləri ilə sözügedən şəxslər təmsil etdikləri təşkilatların məqsəd və məramlarına deyil, yalnız məhdud siyasi dairələrin maraqlarına xidmət etdiklərini bir daha sübut edirlər: “İdman və mahiyyət etibarilə, I Avropa Oyunları Avropa qitəsində bu gün aktual olan mədəniyyətlər və dinlərarası dialoqa, dostluğa, tərəfdaşlığa və sülhə xidmət edir. Bu xüsusda, BMT Baş Assambleyasının 69-cu sessiyasında 31 oktyabr 2014-cü ildə qəbul edilmiş “İdman təhsil, səhiyyə, inkişaf və sülhü təşviq edən vasitə kimi” adlı qətnamədə Avropa Oyunlarının kəsb etdiyi əhəmiyyət xüsusi olaraq vurğulandığı halda, bu şəxslərin Avropa Oyunlarına qarşı məkrli cəhdləri beynəlxalq ictimaiyyətin iradəsinə qarşı fəaliyyətdir.
Təəssüflər olsun ki, insan hüquqlarının müdafiəsindən danışıldığı halda, bu şəxslər tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində İnsan hüquqlarına dair Bəyannamədə öz əksini tapmış ən ümdə hüquqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları haqqında bir söz deməyə cəsarət tapılmır”.
Səxavət