Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayevin Belarusa girişinə qadağa qoyulub. Bu barədə Teleqraf.com-a İ.Ağayev özü məlumat verib. O deyib ki, BDM aprelin 18-25-də Belarus, Çexiya və Polşada qondarma erməni soyqırımı və Azərbaycan həqiqətləri ilə bağlı silsilə tədbirlər keçirməyi planlaşdırıb. Bu məqsədlə də İ.Ağayev bu gün Minskə yola düşməli imiş. Lakin səhər saatlarında Minskə uçmaq istəyən BDM sədrinə Belarusa giriş qadağası qoyulduğu bildirilib.
İ.Ağayev məsələni aydınlaşdırmaq üçün uçuşu həyata keçirməli olan Belarusun “Belavia” şirkətinə müraciət edib. Şirkətdən ona bildirilib ki, Rusiya Federasiyası tərəfindən “arzuolunmaz şəxs” elan edildiyinə görə onun Rusiya ilə yanaşı Gömrük İttifaqının üzvü olan Belarus ərazinə də girişi yasaq edilib. İ.Ağayev deyib ki, məsələ ilə bağlı həm Rusiya, həm də Belarusun Bakıdakı səfirliyi ilə əlaqə saxladıqda hər iki səfirlik bu barədə məlumsız olduqlarını bildiriblər: “Qadağanın hansı səbəbdən qoyulması ilə bağlı BDM tərəfindən müvafiq strukturlara müraciət olunub və məsələ araşdırılmaqdadır”.
Buna baxmayaraq İ.Ağayev deyib ki, bir neçə saatdan sonra Çexiya və Polşadakı tədbirlərdə iştirak etmək üçün Praqaya yola düşür. BDM-in Avropa nümayəndəliyi tərəfindən hazırlanan tədbirlərdə Azərbaycan diasporunun fəalları da iştirak edəcəklər.
Səxavət